Bu yaxınlarda vəfat edən əfsanəvi bluz ifaçısı Bi Bi Kinqin qızları Karen Uilyams və Petti Kinq iddialı açıqlama veriblər.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, qızlar sənətçinin köməkçiləri LaVerne Toni ilə Mayron Consonu onu zəhərləməkdə günahlandırırlar.
“Atamız zəhərlənib. Bunun üçün xüsusi maddələrdən istifadə olunub. Atamızın öldürüldüyünü düşünürük”, - deyə müğənninin qızları bildirib.
Təqsirləndirilən köməkçilər isə onlara qarşı qoyulan iddianın yalan olduğunu ifadə ediblər.
Xatırladaq ki, müğənninin qızları dekabrda atalarının köməkçilərindən onun 30 milyon dollar pulunu mənimsədikləri, qiymətli saatlarını və üzüyünü oğurladıqları iddiası ilə şikayət etmişdilər.
Qeyd edək ki, artıq Bi Bi Kinqin cəsədinin ekspertizasına başlanılıb. Nəticə 2 ay sonra məlum olacaq.