ATV telekanalında canlı yayımlanan “Möhtəşəm maşın” verilişinin dünənki buraxılışında maraqlı anlar yaşanıb.
Oxu.Az xəbər verir ki, dünən şouya tamaşaçı qismində qatılanlar arasında oyundan uzaqlaşan müğənni Roza Zərgərli və aparıcı Günel Hümbətova da olub.
Günel şouda qalan yeganə xanım iştirakçı aparıcı Aydan Axundovanı tənqid edib:
“Onun burada baş verən hər bir şeydən xəbəri var. Külək kimidir, kim hansı tərəfədirsə, oraya əsir”.
Roza Zərgərli isə onu oyundan kənarlaşdıran repçi Qaraqanı ittiham edib:
“Qaraqan mənimlə mehriban idi. Hətta demişdi ki, Günel səndən qorxur, çünki güclü rəqibsən və ona görə də səninlə eyni qruplaşmada olmaq istəyir. O and içmişdi ki, məni müsabiqədən çıxarmayacaq”.
“Ti kto takoy, davay do svidaniya” meyxanası ilə məşhurlaşan İntiqam Rüstəmov isə yarışmada kifayət qədər səs yığa bilməyib. O, yekun nəticəyə əsasən 70,60 faiz səslə şoudan uzaqlaşıb.
Xatırladaq ki, hazırda müğənni Samir Piriyev, jurnalist Vüqar Vüqarlı, aparıcı Aydan Axundova, stilist Anar Ağakişiyev, dicey Çina və klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu maşın uğrunda mübarizəni davam etdirir.
Aytən Sadıqzadə
www.oxu.az