Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyi ötən gün vergi borcu olan şou-biznes nümayəndələrinin tam siyahısını açıqlayıb.
Qeyd edək ki, siyahıya müğənni Rəqsanə İsmayılova liderlik edir. İfaçının Oxu.Az-a verdiyi məlumata görə, o, 104 min manat məbləğində cərimə olunub.

Oxu.Az sözügedən siyahıda adları yer alan bir neçə məşhurla əlaqə saxlayıb.
Xəyyam Nisanov:

“Vergiləri vaxtı-vaxtında, öz qaydası ilə ödəyirəm. Bu məsələ ilə vəkilim məşğul olur”.
Emil Bədəlov:

“Vergini ödəmək hər bir vətəndaşın borcudur, eləcə də mənim. Mən çox cüzi miqdarda cərimə olunmuşam, onu da aparıb ödəyəcəyəm”.
Ayaz Qasımov:

“2008-ci ildən vergi ödəyirəm, VÖEN-im də var. Vergini ödəmək hər birimizin borcudur. Cərimə barəsində isə hələlik geniş açıqlama vermək istəmirəm”.
Sevinc Musayeva:

“3 ildir vergi ödəyirəm. Bir il yarımdır ki, Bakıda deyildim, İranda müalicə alırdım. 8 aydır isə Gəncədəyəm. Sadəcə arada çəkiləşlərə gəlib-getmişəm. Ayın 25-də isə Bakıya qayıdacağam. Gələndən sonra bunu aydınlaşdıracağam.
Mətbuat katibim mənə bildirdi ki, Vergilər Nazirliyi tərərfindən cüzi məbləğdə cərimə olunmuşam. Onu demək istəyirəm ki, şou-biznesdəki krallar, kraliçalar, 100 minlik maşın sürənlər, 40 minlik saat taxanlar, adlarına ticarət mərkəzləri olanlara görə, bizim kimi qazancı olmayan müğənnilər güdaza gedirlər. Necə deyərlər, qurunun oduna yaş da yanır”.
Siyahıda yer alan daha bir ifaçı Yaşar Cəlilovla telefon əlaqəsi yaratmaq istədik.

Özünü müğənninin prodüseri kimi təqdim edən xanım aqressiv şəkildə “Biz jurnalistlərdən soruşururq ki, onların kimə nə qədər borcu var? Bu barədə mətbuata açıqlama vermək istəmirik” deyərək zəngimizə cavab verdi.
Aytən Sadıqzadə
www.oxu.az