Aprelin 10-da Mədəniyyət və Turizm Nazirliyinin və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə dəstək nümayiş etdirmək üçün Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət keçən əsgərlər üçün bir qrup incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunub.


Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, bundan sonra da düşmənin təxribatlarının qarşısının alınması və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün hər an döyüşə hazır olduqlarını vurğulayıblar.



Bu günlərdə bütün ölkə əhalisinin ordumuz ilə həmrəy olduğunu qeyd edərək, mədəniyyət işçilərinin də əsgərlər qarşısında çıxış etmələrinə borclu olduğunu vurğulayıblar.



Azərbaycan Ordusuna dəstək nümayiş olunan konsert proqramında aparıcı Murad Arif, müğənnilər Azad Şabanov, Elnur Məmmədov, Kamilə Nəbiyeva, Samir Cavadzadə, Natavan Həbibi milli vətənpərvərlik ruhunda musiqilər ifa ediblər.

Həmçinin, xanəndə İlkin Əhmədovun ifasında xalq mahnıları, muğam və təsniflər səsləndirilib. Onu tarda Sahib Paşazadə, kamançada Toğrul Əsədullayev və nağarada Emin Cəbrayılov müşayiət ediblər.