Natavan Həbibi mayın 24-də Heydər Əliyev Sarayında verdiyi solo konsertinə eks “W-TRİO” qrupundakı həmkarları - Elnarə Xəlilova və Röya Ayxana dəvətnamə göndərməyib.
Oxu.Az ATV-də yayımlanan “Onlar” verilişinə istinadla xəbər verir ki, Elnarə həmkarının bu hərəkətinə belə açıqlama gətirib:
“Natavan məni konsertinə dəvət etməyib. Onun prodüseri mənim prodüserimə dəvətnamə göndərib. Mən də prodüserimi böyük gül dəstəsi ilə birlikdə həmin konsertə göndərdim. Əslində onun mahnıları Heydər Əliyev Sarayında oxuna biləcək musiqi deyil. O, başqa tərz oxuyur, Natavan klub müğənnisidir”.
Natavan isə həmkarının dediklərini “cılız söhbətlər” adlandırıb:
“Bunlar cılız söhbətlərdir. Mənim uğuruma sevinənlər orda idi”.
Həbibi Röyanın konsertdə iştirak etməməsinə belə aydınlıq gətirib:
“Mən Röyadan Bakıda olub-olmadığını soruşdum. O mənə bildirdi ki, mayın 24-ü gecə saatlarında gələcək. Mən də heç nə demədim. Heç kimə konsertə dəvət göndərməmişəm ki, kimsə də gəlməsin. Mənim vaxtım yoxdur ki, bir-bir hamıya ismarış yazım ki, konsertimə gəlin. Mənim üçün ən vacib olanı Elnarə ilə Röyanın konsertdə iştirakı deyil, konsertimin yaxşı keçməsidir. Onların da önəmli tədbirləri olanda mənim də münasibətimi görəcəklər”.
Növbəti olay isə İlhamə Quliyeva ilə bağlıdır. Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva ilə üz-üzə gələn müğənni Natavan Həbibi onunla görüşməyib.
Xanım Quliyeva mövzu ilə əlaqədar bunları söyləyib:
“Mən hər adama nə salam verirəm, nə də salamını alıram. Özlərindən böyüyə hörmət etsinlər. Mənim salamımı qazanmaq üçün həm tərbiyəli olmaq, həm də böyük-kiçik yeri bilmək lazımdır. Kimsə çaşırsa, özünü düzgün aparmırsa, başından böyük hərəkət edirsə, o salamımı qazana bilməz. Hər kəs öz yerini bilsin. Kim yerini bilir salam da verirəm, salamını da alıram. Salamdan imtina etmək günahdır”.
Natavan isə xalq artistinə salam verməməsini belə izah edib:
“Görüşməməliyəm də... Niyə görüşməliyəm ki? İnsan mənlə kobud danışırsa, niyə görüşməliyəm? Mənə qarşı necədirlərsə, üstünə beşini qoyub mən də elə olacağam. Heç kim məndən hörmət gözləməsin. Mən hörmətsizlik etməyi gözəl bacarıram”.
Müxbirin “İlhamə xanım sizdən böyükdür. Bəlkə jest edərdiniz” sözlərinə isə Həbibinin cavabı belə olub:
“Mənə jest olunsun, mən də qarşılığını verim. Mənə pis jest edildi, mən də salam vermirəm. Kim necə istəyir, elə də başa düşsün. Mən kiminsə sözünün, dediyinin altında qalan müğənni deyiləm”.
N.Həbibi həmçinin xalq artistinin ona verdiyi “prinsessa” titulundan imtina edib:
“Qarışdırmayın, mən heç vaxt özümü “prinsessa” adlandırmamışam. Mənə heç kimin titulu lazım deyil”.
Beləliklə, Natavan öz dediklərini inkar edib. Belə ki, illər əvvəl verilişlərin birində lentə alınan kadrlar bunun tam əksini sübut edir. İlhamə Quliyeva ilə eyni proqramda qonaq olan Həbibinin “mən prinsessayam” deməsi görüntülərdə öz əksini tapıb.
Qalmaqallı videonu sizə təqdim edirik:
Aytən Sadıqzadə
www.oxu.az