Bu gün yaranan bütün problemlər - əhalinin sosial müdafiə hüquqları, əmək hüquqlarının pozulması məhz əmək münasibətlərinin rəsmiləşdirilməməsindən irəli gəlir.
Oxu.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev bildirib.
Xatırladaq ki, ötən ilin sonlarında Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Onların əsas mahiyyəti ondan ibarətdir ki, ümumiyyətlə əmək qanunvericiliyi sisteminə yeni bir anlayış - əmək müqaviləsi bildirişi anlayışı daxil edilib. İşəgötürən bağlanmış əmək müqaviləsi üzrə bildirişləri elektron informasiya sisteminə daxil etməli və qeydiyyata almalıdır.
İ.İsayevin sözlərinə görə, adətən işəgötürənlər qanun pozuntusuna yol verirlər və onlar üzərində olan öhdəliklərin rəsmiləşdirilməsi nöqteyi-nəzərindən elektron informasiya sistemi mühüm əhəmiyyət kəsb edir:
“Onların bu istiqamətdə məsuliyyətlərinin artırılması üçün həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində müvafiq dəyişikliklər edilib. İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə görə, əmək müqaviləsi bildirişini qeydiyyata salmadan əmək fəaliyyətinə cəlb edən vəzifəli şəxs 3000-dən 5000 manata qədər, hüquqi şəxslər isə 20-25 min manata qədər cərimə tətbiq edilir.
İşəgötürən əmək müqaviləsi bildirişini hüquqi qüvvəyə mindirmədən xeyli sayda şəxsi işə cəlb edirsə, artıq onun barəsində 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər. Əgər bu hal təkrarlanarsa, bu cəza 3 ildən 7 ilə qədər artırıla bilər”.
Qeyd edək ki, statistik məlumatlara görə, təxminən əmək müqaviləsi ilə işləyən 1 milyon 520 min şəxs mövcuddur. Bu şəxslər barədə bu məlumatların elektron sistemə daxil edilməsi böyük bir informasiya ehtiyatı deməkdir.
“Elektron informasiya sistemi əmək münasibətləri sahəsində bizə dəqiq uçot verəcək. Biz biləcəyik ki, hansı işçi hansı işəgötürənlə işləyir. Bu imkan verəcək ki, işəgötürən məsuliyyətini artırsın. İşəgötürən biləcək ki, dövlət nəzarətini həyata keçirən orqanlar, xüsusilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi bu işə ciddi nəzarət həyata keçirəcək, Vergilər Nazirliyi bu işə ciddi nəzarət edəcək. Hər iki orqan işəgötürənə münasibətdə inzibati cərimə tətbiq etmək hüququna malikdirlər. Yəni işəgötürənin məsuliyyəti birmənalı şəkildə artacaq”, - deyib İ.İsayev.
Gülnarə Zeynalova
www.oxu.az