Los-Anceles şəhərinin “Dolby” teatrında keçirilən ABŞ kinoakademiyasının 91-ci “Oskar-2019” mükafatlandırma mərasimindən sonra ulduzların geyimi yenə müzakirə mövzusuna çevrilib. Ənənəvi olaraq dünya mediası ulduzların saçından tutmuş, dırnaq rənginə kimi hər amilə diqqət yetirir, hər bir nüansı incələyir.
Oxu.Az-ın əməkdaşı da “Oskar-2019”da məşhurların sərgilədikləri zövq və zövqsüzlüklə bağlı yazı hazırlayıb.
Səhnə obrazları ilə bütün standartları dağıdan müğənni Ledi Qaqa gecəyə uzun qara libasda qatılıb. Uzun dəri əlcəklərdən istifadə edən Qaqa geyimində sadəliyə üstünlük verib. Libasın bel hissəsində olan çıxıntılar isə geyimə ekstravaqantlıq qatsa da, bu dizayn ürəkaçan olmayıb. Ledi ağ saçlarını arxadan yığıb və sadə makiyaj edib. Aksesuarlarına gəlincə, o, brilyantlarla bəzədilmiş boyunbağı və sırğa taxıb.



Yer aldığı “Ulduzun doğuluşu” filmi üçün bəstələdiyi “Shallow” mahnısına görə iki “Qremmi”, bir “Qızıl Qlobus” mükafatını aldıqdan sonra “Ən yaxşı film mahnısı” üzrə “Oskar”a da sahib olub.


Sevincdən göz yaşlarını saxlaya bilməyən Qaqa üzünü Bredli Kuperə tutaraq, “Dünyada bu mahnını bizdən başqa yaxşı oxuya biləcək heç kim yoxdur”, - deyib. Bundan sonra onlar səhnədə bir araya gələrək “Oskar”a damğa vuran duetlərini səsləndiriblər.



Hollivudun məşhur cütlüyü Bredli Kuper və İrina Şeyk qırmızı xalıdan əl-ələ keçib. Bredli ilə İrina geyimlərində qara rəngə üstünlük veriblər. Kuper kostyum, Şeyk isə uzun, qapalı libas geyinib. Model əlbisəsini qızılı saçaqlı kəmərlə tamamlayıb.

Aktrisa Emma Stoun geyindiyi libasla adını zövqlü məşhurlar sırasına daxil edib. Stoun çiyin hissələri yuxarı, uzun xırda muncuqlarla bəzədilmiş “ilan qabığı” effekti verən əlbisə geyinib. Aktrisanın sadə saç düzümü və makiyajı onun simasına təbiilik bəxş edib.


Dəbi və zövqü ilə hər zaman bir pillə öndə olan Şarliz Teron gecəyə işıq saçıb. Aktrisa bədəninə oturan uzun quyruqlu açıq mavi tonda libasla “Oskar”a qatılıb.


Dəbdəbəli obrazı ilə seçilənlər sırasında dünya şöhrətli ulduz Cennifer Lopes və onun sevgilisi Aleks Rodrigez olub.

Lopes uzun boğaza kimi bədən siluetinə uyğun gümüşü rəngdə əlbisə geyinib. Aksesuarlarına gəldikdə, məşhur qızılı tonlardan ibarət üzük və çantadan istifadə edib. Saçlarını çiyinlərinə atan müğənni “Oskar”a damğasını vurub.


Ulduzun sevgilisi Aleks kostyumunda ağ və qara rəngi düzgün şəkildə uyğunlaşdıra bilib.
Melisa Makkerti və Brayn Tayri Henri “Ən yaxşı kostyum dizaynı” mükafatını vermək üçün səhnəyə geyim standartlarının üstündən xətt çəkən libaslarla çıxıb.

Melisanın geyiminin üstünü dovşan oyuncaqlar bəzəyib. Brayn isə həmkarlarından fərqli olaraq, kostyum yox, xanımlar üçün nəzərdə tutulan əlbisə geyinib.
Dəbdəbəli mərasimə qatılan bir çox bəy kino ulduzları kostyumları ilə zövq nümayiş etdirsələr də, Billi Porter “Christian Siriano”nun qara libası ilə stereotipleri darmadağın edib.




Rəşad Əliyev