Dekabr ayının 6-sı və 7-si Heydər Əliyev adına Mədəniyyət Mərkəzində klassik musiqini, breyk-dansı və müasir baleti bir araya gətirən Red Bull Flying Bach – unikal şousu keçiriləcək.
Oxu.Az xəbər verir ki, Breyk-dans üzrə dördqat Dünya çempionu olan əfsanəvi Flying Steps qrupu artıq bütün dünyanı öz inanılmaz çıxışları ilə fəth edib, indi isə, ilk dəfə olaraq, onlar dünya turnesi çərçivəsində Bakıda çıxış edəcəklər.
Red Bull Flying Bach klassik musiqi və breyk-dans haqqında təsəvvürləri alt-üst edərək, ziddiyyətlərin cəzb olunduğunu sübut edir, və müasir rəqs musiqisi ilə barokko dövrünün alman bəstəkarı İoqan Sebastyan Bax-ın əsərlərinin bir-birini əla tamamladığını göstərir. 7 bi-boyun və balerinanın kreativ çıxışı ciddi musiqi ilə gənc nəsil mədəniyyəti arasında sərhədləri silərək, klassikanı vizuallaşdırır və canlandırır.
Red Bull Flying Bach şousunun əsas musiqi hissəsi – 1744-cü ildə müəllif tərəfindən bitirilmiş klavir üçün 48 müqəddimə və fuqadan ibarət olan, Baxın əsərləri silsiləsindən olan, "Yaxşı temperasiya edilmiş klavir"-in interpretasiyasından ibarətdir.
Red Bull Flying Bach şousu 2010-cu ildə almaniyanın musiqi sahəsində ən böyük Echo Klassik Awards mükafatlandırma mərasimində klassik musiqidə görkəmli nailiyyətlər nominasiyasının qalibi oldu. 2011-ci ildə keçirilən Red Bull Flying Bach şousunun birinci Avropa turnesi həm tənqidçiləri, həm də bütün qitə tamaşaçılarını valeh etdi, turun bütün biletləri tamamilə satılmışdı. Elə həmin il, kollektiv Düsseldorfda keçirilmiş Avroviziya 2011-in ikinci yarımfinalı çərçivəsində şoudan bir hissəylə çıxış etdi. 2012-ci ildən başlayaraq, komanda Sinqapur, Yaponiya, Avstraliya və ABŞ daxil olmaqla, dünyanın bütün maraqlı yerlərində konsertlərlə çıxış edir. Və artıq bu həftəsonu bu unikal və təkraredilməz şou Bakı tamaşaçılarını valeh edəcək.
Notbanot... Addımbaaddım... Fortepiano, klavesin və elektron bitlərlə... Xedspinlərlə, pauer muv və frizlərlə... Vizual müşayiət və 70 dəqiqəlik süjet xəttiylə… Red Bull Flying Bach heç kəsi laqeyd buraxmayacaq və sübut edəcək ki, əsl sənət zəmanə və dövr məfhumu ilə məhdudlaşdırıla bilməz.
6 dekabr 20:00 – Heydər Əliyev Mərkəzində premyera; 70 dəqiqə davam edəcək.
7 dekabr 20:00 –şounun təkrarı
E.Ə.
www.oxu.az