Dövlət Bayrağı günü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi Müdafiə Nazirliyinin Tərtər rayonundakı “N” saylı hərbi hissəsində olub.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, onlar ön cəbhə xəttindəki səngərlərə gəlib, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, onlara gətirdikləri sovqatları çatdırıblar. Sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Dövlət Bayrağı günü münasibətilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. O, bildirib ki, Ginnesin rekordlar siyahısına düşmüş, dünyanın ən yüksək bayrağının dalğalandığı möhtəşəm Dövlət Bayrağı Meydanı məhz Səbail rayonunda yerləşir və ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunur.
Tədbirdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsgərlər qarşısında çıxış edərək bayram münasibəti ilə onları təbrik edib.
Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Sonra müğənni Rəqsanə İsmayılovanın iştirakı ilə hərbçilər üçün böyük konsert proqramı təşkil olunub.