Məşhur kanadalı müğənni Selin Dion altıillik fasilədən sonra səhnəyə qayıdıb.
Oxu.Az theblueprint.ru-ya istinadən xəbər verir ki, ifaçı Fransanın Nanter şəhərində ilk konsertini verib.
Onun "Plénitude Arena"dakı çıxışını təxminən 30 min tamaşaçı izləyib.
Triumfal qayıdışı üçün Selin Dion "Dior" libasını seçib və onu "Boucheron" boyunbağısı ilə tamamlayib. Şou ərzində o, həmçinin "Alaïa", "Tom Ford", "Schiaparelli" və digər brendlərin geyimlərində çıxış edib.
Dion konsertə "On ne change pas" mahnısı ilə başlayıb və publikanın reaksiyasını görərək göz yaşlarını saxlaya bilməyib. Proqrama fransız və ingilis dillərində 26 mahnı, o cümlədən "My Heart Will Go On" və "All By Myself" daxil edilib.
Xatırladaq ki, 2022-ci ildə Dion nadir neyroloji xəstəlik olan əzələ sərtliyi sindromu diaqnozu haqqında danışmışdı. Buna qədər müğənni ictimaiyyət arasında yalnız bir neçə dəfə görünüb, o cümlədən 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya oyunlarının açılış mərasimində çıxış edib.
Dion 2027-ci il mayın 29-na qədər Nanterdə ümumilikdə 26 konsert verəcək.