Kanadalı müğənni Selin Dion iki ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
58 yaşlı müğənni Parisdəki "Le Royal Monceau" hotelinin qarşısında paparassilərin obyektivinə tuş gəlib. Dion bej rəngli trençkot və hündürdaban ayaqqabı geyinib, üzünü isə iri gün eynəkləri ilə gizlədib.
Onun görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi pərəstişkarları müğənninin əvvəlkindən daha arıq və zəif göründüyünü bildiriblər.
Qeyd edək ki, 2022-ci ildə Selin Diona əzələ sərtliyi sindromu diaqnozu qoyulub. Bu xəstəlik güclü ağrılarla müşayiət olunan davamlı əzələ spazmlarına səbəb olur. Müğənni bunu həyatının ən ağır sınaqlarından biri adlandırıb və bir gün səhnəyə qayıdacağına əmin olduğunu bildirib.