Bir neçə gün əvvəl həbs olunan tanınmış teleaparıcı İlham Mirzəyevin harada saxlanıldığı məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə AzNews.az-a açıqlama verən İ.Mirzəyevin vəkili Xanlar Bayramzadənin bildirdiyinə görə, müdafiə etdiyi şəxs hazırda Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Vəkil deyib ki, sonuncu dəfə İ.Mirzəyevlə ötən axşam saxlandığı məntəqədə görüşüb.
İ.Mirzəyevin hələ də DİN-də saxlanmasının səbəbini öyrənmək məqsədilə adıçəkilən qurumun mətbuat xidməti ilə əlaqə saxladıq.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Ehsan Zahidov isə İ.Mirzəyevin saxlanma şəraiti ilə bağlı ona ünvanlanan sualdan yayınmaq bir yana, jurnalistlə qeyri-etik tərzdə danışıb. E.Zahidov “Onun harada saxlanmasının sənə nə aidiyyatı var? Sən gedib ona dəymək istəyirsən?” – deyərək, telefonu bağlayıb.
Qeyd edək ki, İlham Mirzəyev aprelin 11-də saxlanılıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib. Teleaparıcı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.