Oxu.Az “Miss Millenium” gözəli Validə Abbasovanın axşam.az saytına müsahibəsini ixtisarla təqdim edir:
- Validə xanım, bir müddətdir İsveçrədə yaşayırsınız. Bu, nə ilə bağlıdır?
- Qızım orada oxuyur. Bu il universiteti bitirəcək. Belə önəmli zamanda onun yanında olmaq istəyirəm. Bu, hər bir insan üçün çox vacib ərəfədir.
- Sizin milliyətiniz haqda bilmək istərdik. Atanız, ananız azərbaycanlıdır?
- Atam azərbaycanlıdır, valideynlərim Təbriz və İçərişəhərdəndir. Anam isə milliyətcə rusdur. Nəsilləri ukraynalı ruslardandır.
- Sevgi cəbhəsində vəziyyət necədir? Bir müddətdir gənc oğlanla birlikdə olduğunuzu bilirik...
- Bəli, o mənim sevgilimdir. Əcnəbidir. İsveçrədə yaşayır. Ora vətəndaşıdır. Şəxsi biznesi var. Eyni zamanda dövlət işində çalışır. Ətraflı danışmaq istəmirəm.
- Onunla hansı dildə ünsiyyət qurursunuz?
- Rus, ingilis, italyan, fransız dillərini bilir. Biz rus dilində danışırıq. İki dəfə Bakıya gəlib. Ona şəhəri gəzdirmişəm. Buraları çox bəyənib. Mətbəximizdən xoşu gəlir.
- Deyəsən, sizə tez-tez sürprizlər edir...
- Bəli, bunu çox xoşlayır. Hərdən həftə sonu gəzintiyə gedirik. Bir də görürəm, məni maşın və bir dəstə çiçək gözləyir. Sürpriz yalnız bahalı hədiyyələrdən ibarət olmur. Onun etdikləri çox fərqli və maraqlıdır.
- Bəs ailə qurmaq haqqında düşünmürsünüz?
- Mən ərə getmək arzusunda deyiləm. Mənim üçün duyğular önəmlidir. Hissləri sübut etmək üçün atılan imzaya ehtiyacım yoxdur. Əlbəttə, bütün qızlar gözəl ailə sahibi olmalıdırlar. Mən ailəli olmuşam. Nəticədə gözəl qızım dünyaya gəlib. Bununla fəxr edirəm. Mənim həyatım ona bağlıdır. Onu özümdən çox istəyirəm. Əgər nə vaxtsa təklif gələrsə, buna, həqiqətən, hazır olub-olmadığımı ciddi düşünərəm. Onun mənə münasibəti bəlkə də ailəli olan kişinin davranışından daha ciddi, səmimi və gözəldir. Onun layiqli kişi olması mənə kifayət edir.
- İkinci dəfə övlad sahibi olmaq istərdiniz?
- Yox. Uşağı dünyaya gətirmək uzun prosesdir. Önəmli olan onu doğmaq deyil. Sonrakı həyatı daha vacibdir: böyüyür, məktəbə gedir, universitetə daxil olur... Bütün bunlara nəzarət edilməlidir. Mən yenicə bu cavabdehlikdən qurtulmuşam. Hələ indi rahat nəfəs almağa başlayıram.
- Validə Abbasova özünü Azərbaycanın seks simvolu hesab edirmi?
- Ətrafdakı insanlar məni belə adlandırır. Bu sözdən gözlərim parıldamır. Düşünürəm ki, bu, komplimentdir. Seksuallıq lüt soyunmaq deyil. Kimsə qarşında soyunub dayansa, bu sənə xoş olmaz. Amma elə baxışlar edib, şəkil çəkdirə bilərsən ki, baxan deyər, bu necə seksual baxışlardır. Seksuallıq dünyada kompliment kimi qəbul edilir. Mən isə bu haqda düşünmürəm.