Amerika Birləşmiş Ştatlarında iki erməni terror təşkilatının fəaliyyəti xüsusilə nəzərə çarpıb – bunlar Ermənistan Azadlığı üçün Erməni Gizli Ordusu (ASALA) və “Erməni Soyqırımının Ədalət Kommandosları/Erməni İnqilab Ordusudur (“JCAG/ARA”)
Oxu.Az xəbər verir ki, əvvəllər ASALA Qərbi Avropada fəaliyyət göstərib. Onlar Qərbə və NATO-ya qarşı olsalar da, hücumlarını əsasən Türkiyədə cəmləşdiriblər.
ASALA-nın məqsədi Türkiyəni “erməni soyqırımını” tanımağa, əvəzində kompensasiya ödəməyə və ermənilərin vətəni üçün ərazi boşaltmağa məcbur etməkdir.
ASALA 1970 və 1980-ci illərdə 40 nəfər Türkiyə rəsmisinin qətlini həyata keçirib. ABŞ-ın Federal Təhlükəsizlik Xidmətinin (FTB – FBİ) resurslarının təhlili göstərir ki, 1980-ci illərin əvvəllərindən bəri ABŞ-da ASALA-nın fəaliyyəti məhdud olub və ya demək olar ki, olmayıb. ASALA-ya xas olan son terror aktlarından bəziləri aşağıda göstərilib:
- 03 fevral 1981-ci il tarixdə Kaliforniya ştatının Los Anceles şəhərində İsveçrə Konsulluğunun qapısı qarşısında partlamamış bomba aşkarlanıb və zərərsizləşdirilib. Açıq mənbələrdən alınan məlumatlara əsasən, ASALA tərəfındən istifadə edilən “3 oktyabr Hərəkatı” məsuliyyəti öz üzərinə götürüb.
- 23 fevral 1981-ci ildə Hollivudda bir dükanda iki ədəd bomba partlayıb və minimal zərər yetirilib. ASALA üzvü buraya cəlb olunduğunu boynuna almışdır.
- 1981-ci ilin iyun və avqust aylarında Los Ancelesdə İsveçrə Bank Korporasiyası və İsveçrə Dəqiq Alətlər Şirkətində partlayışlar baş verib. ASALA tərəfındən istifadə edilən “9 iyun Təşkilatı” məsuliyyəti öz üzərinə götürüb. 1981-ci ilin oktyabrında Hollivud şəhərində Hollivud Palladiumda Evsiz-eşiksiz Ermənilərə Yardım üzrə Amerika Milli Komitəsi tərəfindən maliyyələşən banket zamanı bir bomba partlayıb. ASALA tərəfindən məsuliyyətin öz üzərinə götürülməsi barədə kommünike imzalanıb.
- 1982-ci ilin iyun ayında ASALA-nın Los Anceles Beynəlxalq Hava Limanında “Air Canada” şirkətinin yük terminalına bomba qoymaq cəhdinin qarşısı alınıb və 4 cinayətkardan 3-ü həbs edilib (4-cü Fransaya qaçıb).
- 1983-cü ilin iyulunda bəzi ASALA üzvləri Koloradoda İnqilabi Kommunist Partiyasına aid təlim düşərgələrinə cəlb olunublar.
Erməni Soyqırımının Ədalət Kommandosları / Erməni İnqilab Ordusu (“JCAG/ARA”) milliyyətçi, anti-kommunist, xaricdən idarə olunan terrorçu təşkilatdır. “JCAG/ARA” bütün dünyada müxtəlif Türkiyə diplomatik heyətlərini qətlə yetirib və Türkiyənin diplomatik qurumları və bizneslərinə qarşı partlayışlar həyata keçirib. Bu qrup ABŞ-dakı terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb və FTB tərəfindən həbs olunaraq, haqqında hökm çıxarılmış üzvlərə malik olub. “JCAG/ARA” 1980-ci illərin ortalarından ABŞ-da fəal olmayıb. “JCAG/ARA”-nın ən son nəzərəçarpan hücumları aşağıdakılardır:
- 06 oktyabr 1980-ci ildə Türkiyənin Los Ancelesdəki baş konsuluna qarşı qətl cəhdi olub.
- 12 oktyabr 1980-ci ildə baş vermiş 2 partlayış bu qrupa aid edilib. Nyu-Yorkda 5 amerikalının və Los Anceles səyahət agentliyində bir şəxsin yaralanması ilə nəticələnən bomba partlayışları olub.
- 03 iyun 1981-ci ildə Kaliforniyanın Anaheim şəhərində “Orange County Convention Center” adlı yerdə bomba partlayıb.
- 20 noyabr 1981-ci il tarixdə Los Anjelesdəki Türkiyə konsulluğu partladılıb.
- 1982-ci ilin 28 yanvar tarixində Türkiyənin baş konsulu işıqforda gözləyərkən öz avtomobilində qətlə yetirilib.
- 1982-ci ilin mart ayında Türkiyə baş konsulunun iqamətgahı Massaçusets ştatının Kembric şəhərində partladılıb.
- Türkiyənin baş konsulu yenidən hücuma məruz qalmış və 04 may 1982-ci il tarixdə Massaçusets ştatının Somerville şəhərində odlu silahdan atəş açılaraq, qətlə yetirilib.