Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ABŞ-dəki ukraynalıların taleyi sual altında: Miqrasiya siyasəti onlara da şamil olunacaq?
Donald Tramp hakimiyyətə gələndən sonra həm də sərt miqrasiya siyasəti və məhdudlaşdırıcı yanaşması ilə tanınır. O, hələ ilk prezidentliyi dövründə (2017-2021) və ikinci seçki kampaniyasında bu mövzuya xüsusi diqqət yetirib. Trampın miqrasiya siyasətinə təhlükəsizliyi artırmaq üçün ABŞ-Meksika sərhədində divarın inşasına başlamasını, qanunsuz sərhəd keçidlərinə qarşı sərt tədbirlərini, icazəsiz miqrantlara qarşı mübarizəni gücləndirərək deportasiya proseslərini sürətləndirməsini, sığınacaq üçün müraciət prosesini çətinləşdirməsini, hətta 2017-ci ildə müsəlman ölkələrindən olan miqrantlara dair fərman imzalamasını göstərə bilərik.
Bununla yanaşı, Tramp 2018-ci ildə ABŞ-yə uşaq vaxtı gətirilən qanunsuz miqrantların mühafizəsini təmin edən DACA proqramını ləğv etməyə çalışıb. O, 2024-cü il prezident seçkisi kampaniyasında da sərt miqrasiya siyasətlərini davam etdirəcəyini sözünü verir və prezident seçiləndən sonra bu vədinə uyğun davranmağa başlayıb. ABŞ prezidenti deportasiya əməliyyatlarını intensivləşdirmək, sərhəd divarını genişləndirmək və qanunsuz miqrasiyanı daha da məhdudlaşdırmaq niyyətini praktiki formada icra edir.
Məsələnin ən həssas tərəfi ukraynalı miqrant və qaçqınlarla bağlıdır. Belə ki, Donald Tramp Ukraynaya qarşı sərt mövqe sərgiləyir. O, Ukraynaya maliyyə və hərbi yardımın azalmasını dəfələrlə vurğulayıb və Avropanın daha çox məsuliyyət daşımalı olduğunu bildirib. Bütün bunları nəzərə alsaq, Tramp sərt miqrasiya siyasətindən həm Kiyevi cəzalandrımaqda, həm də ukraynalı miqrantlara münasibətdə tətbiq etməkdə istifadə edə bilərmi? Çünki ABŞ-də hazırda "Temporary Protected Status" (Müvəqqəti Qorunan Status) çərçivəsində minlərlə ukraynalı müharibə səbəbindən miqrasiya müdafiəsi alıb.
Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, Donald Trampın prezident seçilərkən seçki vədlərindən ən önəmlisi məhz miqrant problemi idi:
"Çünki ABŞ ciddi miqrant problemi yaşayırdı. Ehtimal ki, bir müddət sonra Tramp Admistirasiyası bununla bağlı ciddi addımlar atacaq. Rusiya-Ukrayna savaşından sonra xeyli sayda ukraynalıya ABŞ-yə köçmək üçün icazə verildi. Hazırda Vaşinqton və Kiyev arasındakı münasibətlər nə qədər gərgin olsa da, Tramp hələ ki, onları göndərmək üçün tələsməyəcək. Ancaq münasibətlər çox gərginləşərsə, təzyiq metodu kimi bundan istifadə edilə bilər".
"ABŞ-də olan ukraynalıların taleyinin müəyyən olunmasında Zelenskinin ABŞ ilə birgə istismarı nəzərdə tutulan Ukraynanın mineral ehtiyatları və Rusiya ilə aparılacaq sülh danışıqları ilə bağlı mövqeyi əsas rol oynayacaq. Ukrayna rəhbərliyi nə kapitulyasiyaya getmək, nə də mineral sərvətlərin birgə istismarı barədə ABŞ ilə danışıqlar masasına oturmaq istəyir. Tramp faktiki olaraq Ukraynadan Rusiyanın xeyrinə çox böyük ərazi güzəşti tələb edir. Həmçinin mineral ehtiyatlardan birgə istifadə üçün təklif edilən variant da Ukraynanın təbii sərvətlərinin faktiki olaraq ABŞ tərəfindən talan edilməsinə hesablanıb. Zelenski hər iki məsələdə Ukraynanın xeyrinə çıxarılacaq qərarların verilməsi üçün çalışır. Miqrantların taleyini Vaşinqton və Kiyev arasındakı bazarlığını nəticəsi müəyyən edəcək", - deyə analitik vurğulayıb.
Mərahim Nəsib
"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
- İlon Mask: "Starlink"i söndürsəm, Ukrayna ordusunun ön xətti çökəcək"
- Maskdan münaqişənin həll yolu: "Ukraynanın 10 ən böyük oliqarxına sanksiya tətbiq edin"
- Zelenski Səudiyyə Ərəbistanında ABŞ ilə danışıqlarda iştirak etməyəcək
- Rusiya Kurskda yekun əməliyyata başlayıb
- Kreml İstanbul razılaşmalarını Ukrayna üzrə danışıqlar üçün baza hesab edir