Milli Məclisə növbədənkənar seçki ilə əlaqədar "exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi müddəti başa çatıb.
APA xəbər verir ki, "Azərbaycan Respublikasında seçkilərdə "exit-poll" keçirən təşkilatların akkreditasiyası Qaydaları"nın 2.3-cü bəndinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə ən azı 10 gün qalanadək "exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir.
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisi ilə əlaqədar bu müddət avqustun 22-dək olan dövrü əhatə edib.
Qeyd edək ki, MSK-nın avqustun 12-də keçirilən iclasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) təşkilatı, "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyinin isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birlikdə parlament seçkilərində exit-poll keçirmələri üçün akkreditasiyaları barədə qərar qəbul edib. MSK-nın avqustun 16-da keçirilən iclasında isə Sosioloji Tədqiqatlar Mərkəzinin exit-poll keçirməklə bağlı müraciəti səsverməyə çıxarılaraq qəbul olunub.