Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ali Fuat Gökçe: "Qahirə Ərdoğan-Əsəd görüşünə ev sahibliyi edə bilər"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ilin fevral ayında Qahirəyə səfərindən sonra Misir Prezidenti Əbdülfəttah əs-Sisi Ankara rəsmi səfər etdi. Bu, 12 il fasilədən sonra prezident səviyyəsində Misirdən Türkiyəyə edilən ilk səfər kimi tarixə düşdü.
Oxu.Az-a səfərin hədəf və məqsədləri ilə bağlı danışan Türkiyənin Qaziantep Universitetinin müəllimi Ali Fuat Gökçe iki ölkə arasında münasibətlərin müsbət məcrada davam etməsinin bütün bölgə üçün böyük əhəmiyyət daşıdığını vurğuladı:
"Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Türkiyəyə rəsmi səfəri qlobal, beynəlxalq prosesləri və ölkələrimiz arasındakı münasibətləri dəyərləndirmək baxımından xüsusi önəm kəsb edir. Masada olan vacib gündəm mövzularından biri iqtisadiyyat idi. Prezidentlər ticarət dövriyəsinin 10 milyarddan 15 milyard dollara çıxarılmasını ortaq hədəf kimi elan etdilər, çoxlu sayda müqavilələr imzalandı. Bununla bərabər liderlər enerji sahəsində əməkdaşlığı, eyni zamanda regional və beynəlxalq proseslər çərçivəsində Qəzza müharibəsi ilə bağlı görüləcək tədbirləri müzakirə etdilər. Verilən açıqlamalarda Misir təbii qazının və elektrik enerjisini Avropaya daşıyacaq xətlərin Türkiyənin ərazi sularından keçməsi məsələsi və rəsmi Ankaranın bunda maraqlı olması Sisi tərəfindən müsbət qarşılandı. Əgər Misir Yunanıstanla imzaladığı müqavilədən çıxaraq Türkiyənin Liviya ilə bağladığı dəniz icazəsi ilə bağlı müqaviləyə qoşulsa təxminən Kipr adası qədər böyüklükdə ərazini məsuliyyət zonasına daxil etmiş olacaq. Yuxarıda qeyd etdiyim kimi, Qəzzada müharibənin dayandırılması və sülh müqaviləsinin imzalanması hər iki ölkənin prioritetidir. Prezidentlər bununla bağlı da birgə addımlarının önəmini vurğulayıblar.
Gökçe Qahirənin də hələ keçirilməsi ilə bağlı müzakirələrin davam etdirildiyi Ərdoğan-Əsəd görüşünə ev sahibliyi edə biləcəyini qeyd etdi:
"Diqqət çəkən məqamlardan biri də Sisinin Türkiyə-Suriya münasibətlərinin normallaşmasına, yaxınlaşmasına ölkəsinin önəm verdiyini açıqlamasıdır. Bu, çox önəmli məqamdır. Çünki Misir bölgədə vacib aktordur və tarihi əlaqələr çərçivəsində Suriya üzərində əhəmiyyətli dərəcədə təsiri var. Bu səbəbdən verilən açıqlama ağıllara Ərdoğan-Əsəd görüşməsinin Qahirədə keçirilməsi ehtimalını da gətirdi. İraq və Rusiya da ev sahibliyi məsələsində istəklidir. Nəticə etibarilə uzun müddətdən sonra bu səfərin gerçəkləşdirilməsi ölkələrimiz arasında yeni bir səhifənin açılması mənasına gəlir".
Söhrab İsmayıl
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
- Ərdoğan qurultayda mahnı oxudu
- Rəcəb Tayyib Ərdoğan haqqında ilk xəbərin yer aldığı qəzet hərracda satışa çıxarılır
- Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
- Afrikada yeni güc və xilaskarlıq missiyası: Türkiyə Qərbin buraxdığı boşluğu necə doldurur?