Ankarada baş tutan NATO sammiti çərçivəsində təşkil edilən müdafiə sənayesi forumunda ümumi dəyəri 50 milyard dollardan çox olan sazişlər imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.
Bildirilib ki, imzalanan müqavilələr hava hücumundan müdafiə sistemlərinin, eləcə də PUA-ların tədarükünü, həmçinin silah və döyüş texnikası istiqamətində müştərək layihələrin icrasını nəzərdə tutur.
Alyansın baş katibi Mark Rütte qeyd edib ki, 20 üzv ölkə "Drone Edge" təşəbbüsünə qoşulacaq. Bu layihə xətti ilə növbəti beş il ərzində pilotsuz uçuş aparatlarının və onlara qarşı mübarizə vasitələrinin istehsalına 40 milyard dollar həcmində investisiya yönəldiləcək.
Onun sözlərinə görə, Ankara toplantısında NATO ölkələri müdafiə sektoru üzrə on milyardlarla dollar dəyərində müqavilələrə imza atacaqlar.
Türkiyənin paytaxtında keçirilən ikigünlük NATO sammitinə alyansa daxil olan 32 dövlətin rəhbəri qatılıb. Qeyd olunur ki, iyulun 8-də alyansın dövlət və hökumət başçılarının iştirakı ilə plenar sessiya təşkil olunacaq.