Ermənistan və ABŞ Beynəlxalq Sülh və rifah naminə"Tramp marşrutu" layihəsi (TRIPP) üzrə əldə edilmiş razılaşmaların həyata keçirilməsi məqsədilə işə başlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker İrəvanda baş nazir Nikol Paşinyanla görüş zamanı vacib bəyanat verib. O, dövlət katibinin köməkçisinin müavini Sonata Koulterin rəhbərlik etdiyi ikitərəfli işçi qruplarının yaradıldığını açıqlayıb.
Qrupun məqsədi Vaşinqtonda avqust ayında keçirilmiş görüşdə əldə olunan ikitərəfli razılaşmaların icrası və TRIPP layihəsinin həyata keçirilməsidir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker İrəvanda "Tramp marşrutu" layihəsinin reallaşdırılmasına hazırlığın gedişatını müzakirə ediblər.
Oxu.Az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN yayıb.
Bildirilir ki, tərəflər layihənin daha geniş nəqliyyat və digər kommunikasiya şəbəkəsinin inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıblar.
Onlar Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın inkişafı məsələlərini nəzərdən keçiriblər.
Tərəflər energetika, infrastruktur, süni intellekt və investisiyaların stimullaşdırılması da daxil olmaqla, qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı dərinləşdirmək əzmini təsdiqləyiblər.
Mirzoyan Ermənistan-ABŞ ikitərəfli gündəliyinin genişləndirilməsinə yönəlmiş siyasi dialoqda dinamikanın fəal olduğunu vurğulayıb.
Tərəflər avqustun 8-də Vaşinqton sammitində əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün görülən işlərdən danışıblar.