Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriu insan hüquqları və Azərbaycan həqiqətlərinin bütün dünyada yayılması prosesi, həmçinin türkdilli dövlətlər, eləcə də, Azərbaycanla münasibətlərin inkişafına göstərdiyi xüsusi xidmətlərə görə “Heydər Əliyev” qızı medalı ilə mükafatlandırılıb.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, Qriqoriu bu mükafata Mərkəzi Asiyanın azərbaycanlı ictimai təşkilatlarının təqdimatı üzrə Türkdilli dövlətlərin siyasətinin dəstəklənməsi Fondu tərəfindən layiq görülüb.
Heydər Əliyev Fondunun məlumatında bildirilir ki, mükafatlandırma mərasimi dövlət və ictimai xadimlərin iştirakı ilə Bakıda keçiriləcək.
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu “Heydər Əliyev” qızıl medalını 2007-ci ildən türk və digər millətlərin dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsində böyük xidmətlərə, türkdilli dövlətlərin iqtisadi, sosial-siyasi və mədəni inkişafına sanballı töhfələr vermiş görkəmli şəxsiyyətlərə təqdim edir.
İndiyə qədər Azərbaycan Prezidenti İlham Əliyev, görkəmli qırğız yazıçısı Çingiz Aytmatov, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov “Heydər Əliyev” qızıl medalının laureatları olub.