Avropa Parlamentinin Xarici Siyasət Komitəsinin 10 iyul 2017-ci il tarixində növbəti iclası keçirilib.
Azərbaycanın Avronest PA nümayəndəliyindən Oxu.Az-a verilən məlumata görə, iclasda son günlər Azərbaycan və Ermənistan arasında cəbhədə yaşanan məsələ AP-nin deputatları və iclasa dəvət edilən azərbaycanlı və ermənistanlı müstəqil ekspertlər tərəfindən geniş müzakirə edilib.
Müzakirələr zamanı sloveniyalı deputat İvo Vayql Ermənistanın işğalçı olduğunu və Azərbaycanın işğala məruz qaldığını, Azərbaycanlıların evlərini tərk etdiyini və cəbhədə iyulun 4-də günahsız insanların ermənilər tərəfindən öldürüldüyünü hər kəsin diqqətinə çatdırıb. O, Azərbaycanın regionda iki güclü dövlətin arasında yerləşdiyini və Ermənistanın isə öz seçimini bir dövlətlə etdiyini bildirib.
AP deputatı daha sonra bu münaqişədə maraqlı tərəfin hansı dövlət olduğunu hər kəsin yaxşı bildiyini və Avropa İttifaqının təhlükəsizliyi üçün vacib olan bu regionda münaqişənin həllinə ciddi çalışmasının lazım olduğunu bildirib. O, yekunda bu münaqişənin yalnız beynəlxalq hüquqa əsaslanaraq həll edilməli olduğunu və bu hüququn hamı tərəfindən tanınan sərhədlərin toxunulmazlığına hörmətdən ibarət olduğunu vurğulanıb.
AP-nin Azərbaycan üzrə məruzəçisi, Avronest PA-nın üzvü, rumıniyalı deputat Norika Nikolay da Ermənistanı mülki əhalinin ölümünə görə kəskin tənqid edib və bu hadisənin Dağlıq Qarabağ ərazisində deyil, məhz ondan kənarda azərbaycanlı mülki əhalinin yaşadığı məkanda baş verdiyini söylənib.
AP-nin litvalı deputatı Petras Austrevicius da Ermənistanın mülki əhaliyə atəş açmasının yanlış olduğunu bildirib və münaqişənin qızışma təhlükəsinin çox ciddi olduğunu söyləyib.
AP-nin xorvatiyalı deputatı Zelyana Zovko bu münaqişənin yalnız sülh yolu ilə həllinin mümkün olduğunu və müharibənin yolverilməz olduğunu vurğulayıb. O, bu cür gərginliyin mülki vətəndaşların ölümünə səbəb olduğunu, bunun da qarşısının alınmasının vacibliyini bildirib.
İclasda iştirak edən ermənistanlı ekspert də Ermənistan cəmiyyətinin hərbiləşdirilməsini və prezident aparatı vasitəsilə hakimiyyətin bir mərkəzdə cəmləşdirilməsini təəssüflə qeyd edib. İclasda AP-nin daha bir neçə deputatı çıxış edərək cəbhədə son dövrlər baş verən hadisələrlə bağlı narahatlıqlarını ifadə ediblər.
N.О.