"Ermənistanda keçirilən parlament seçkisindəki pozuntulara müxtəlif dairələrin göz yumması əvvəlcədən gözlənilən idi".
Bu fikirləri Oxu.Az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

O bildirib ki, seçki prosesi yaxınlaşdıqca müxtəlif şəxslərin həbsi həyata keçirilirdi:
"Paşinyan hakimiyyəti müəyyən şəxsləri seçiciləri pulla ələ almaq, vergidən yayınmaq və müxtəlif səbəblərlə həbs etdirirdi. Bu seçki təkcə iqtidar-müxalifət arasında keçirilmir. Ermənistan Qərb və Rusiyanın mübarizə meydanına çevrilib. Burada da təbii olaraq həm rəsmi Moskva, həm də Avropa seçki prosesinə müdaxilə edir və bu, gözlənilən idi. Avropa İttifaqı əvvəlcədən Ermənistandakı seçkiyə müdaxilələrin və dezinformasiyanın qarşısını almaq üçün sözügedən ölkəyə missiya göndərdi. Digər tərəfdən, Rusiyaya bağlı müxalif qüvvələr maliyyə hesabına Moskva və digər şəhərlərdən gətirdikləri erməniləri, revanşist qüvvələri satın alaraq tərəflərinə çəkirlər. Burada vacib bir məqamı qeyd etmək lazımdır ki, Paşinyanın rəqiblərini müxtəlif inzibati üsullarla neytrallaşdırmasına Qərb institutları göz yumacaq və hazırkı hakimiyyətə təzyiq olmayacaq".
Politoloq vurğulayıb ki, Qərb Paşinyan üçün "münbit" şərait yaradıb:
"Həbslər, seçki saxtakarlığı - nəyin bahasına olursa-olsun, məqsəd Paşinyanı hakimiyyətdə saxlamaqdır. Baş nazir də bilir ki, o, saxtalaşdırma edəcəyi halda ona heç bir təzyiq olmayacaq. Təbii ki, bu da zəif ölkələrdə seçkiyə kənar təsirlərin olduğunu bir daha ortaya qoyur. Aİ yenə ikili standartlar sərgiləyir. Hansı ölkədə onun maraqlarına xidmət edən hakimiyyət və ya namizəd varsa, onun qanunsuzluqlarına göz yumur. Lakin müstəqil siyasət aparan, milli maraqları üçün kiməsə boyun əyməyən ölkələrə təzyiq edir. Bu da Aİ və Qərb institutlarının ikili standartlara əsaslanan siyasətinin təzahürüdür".