Ermənistan Konstitusiya Məhkəməsi müxalifətin iyunun 7-də keçirilmiş parlament seçkisinin nəticələrinin ləğvi ilə bağlı iddiasını təmin etməyib.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, Ermənistan Mərkəzi Seçki Komissiyasının səsvermənin nəticələri ilə bağlı qərarı qüvvədə saxlanılıb. İşə baxılması altı gün davam edib, məhkəmə iclasları isə ümumilikdə təxminən 50 saat çəkib.
Xatırladaq ki, "Güclü Ermənistan" və "Ermənistan" blokları, eləcə də "Yeni Güc", "Respublika naminə", "Çiçəklənən Ermənistan", "Birlik Qanadları" və "Demokratiya, Qanun, İntizam" partiyaları seçki nəticələrinin ləğv edilməsi və ya seçkinin ikinci turunun təyin olunması tələbi ilə məhkəməyə müraciət etmişdilər. Onlar səsvermə zamanı sistemli və kütləvi pozuntuların baş verdiyini iddia edirdilər.
Ermənistanda parlament seçkisi iyunun 7-də keçirilib. Bülletenlərin 100 faizi hesablandıqdan sonra baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 49.83 faizini toplayaraq hökuməti təkbaşına formalaşdırmaq hüququ əldə edib.