Ermənistan parlamentinin spikeri Alen Simonyan 7 iyun parlament seçkisinin nəticələrinə əsasən deputat mandatını qəbul etməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə parlament sədri qanunverici orqanda keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, spiker vəzifəsində işini davam etdirmək arzusunda olub, lakin partiya idarə heyətinin qərarı ilə razılaşır. İş proseslərinin dəyişikliklər tələb etdiyini düşündüyü üçün verilən qərara görə heç kimdən incimir.
"Mən bir qədər istirahət etmək istəyirəm, arxada qalan iş dövrü mənim üçün kifayət qədər ağır oldu. Unutmaq olmaz ki, bu, seçkidən sonrakı dövrün parlamenti idi və həmkarlarımızla birlikdə bir çox çətinliklərin öhdəsindən gəlməli olduq", - deyə Simonyan vurğulayıb.
Parlament sədri, həmçinin şəxsi həyatını tam qaydaya salmaq niyyətində olduğunu açıqlayıb. Bununla yanaşı, o, gələcək fəaliyyəti barədə baş nazir Nikol Paşinyanla hər hansı bir müzakirə aparmadığını diqqətə çatdırıb. Buna baxmayaraq, siyasətçi gələcək siyasi karyerasını yalnız Vətəndaş Sazişi Partiyasının sıralarında və baş nazir Nikol Paşinyanın komandasında gördüyünü bəyan edib.
Parlament sədri postunda öz xələfi olacaq Ruben Rubinyanı bu vəzifə üçün ən yaxşı namizəd hesab edib.
Bununla yanaşı Alen Simonyan ona prezident vəzifəsinin təklif edildiyi barədə yayılan iddialara da münasibət bildirib. Parlament sədri bu cür şayiələri tamamilə cəfəngiyyat adlandıraraq rədd edib və bu mövzuda heç bir müzakirənin aparılmadığını vurğulayıb. Simonyan sözlərinə onu da əlavə edib ki, hazırkı dövlət başçısı Xaçatryan hörmətəlayiq siyasi xadimdir və onun haqqında belə mövzuların müzakirə edilməsi düzgün deyil.
Xatırladaq ki, Alen Simonyan 2021-ci ildən etibarən parlamentin sədri vəzifəsini icra edirdi. Son parlament seçkisində o, Vətəndaş Sazişi Partiyasının seçki siyahısında 14-cü yerdə qərarlaşıb.