Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan ilə Gürcüstan arasında hökumətlərarası komissiyanın 10-cu iclası keçirilib
Yanvarın 17-də Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sədrliyi ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, hökumət başçıları əvvəlcə təkbətək görüş keçirərək ikitərəfli gündəliyin aktual məsələlərini nəzərdən keçiriblər.
Daha sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə birgə hökumətlərarası komissiyanın iclası keçirilib.
Ə.Əsədov Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təsdiq edilməsi və yeni hökumətin formalaşması münasibətilə İ.Kobaxidzeni təbrik edib.
Ə.Əsədov Gürcüstanla əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasət prioritetlərindən biri olduğunu bildirib.
Vurğulanıb ki, ötən dövr ərzində Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəlib.
İki ölkə arasında fəal siyasi dialoq təqdir edilib, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Ərazi bütövlüyü məsələsində qarşılıqlı dəstək xüsusi vurğulanıb.
Bildirilib ki, Azərbaycan və Gürcüstan ticarət-iqtisadi əməkdaşlığa ənənəvi olaraq böyük əhəmiyyət verirlər. Gürcüstanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu vurğulanıb.
İnvestisiya sahəsində əməkdaşlığın yaxşı dinamika nümayiş etdirdiyi qeyd olunaraq Azərbaycanın Gürcüstana ən çox sərmayə yatıran ölkə olduğu diqqətə çatdırılıb.
Qarşılıqlı investisiyaların həcminin artırılması ilə bağlı gündəlikdə duran məsələlər nəzərdən keçirilib.
Neft-qaz sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. SOCAR tərəfindən Gürcüstanda həyata keçirilən layihələr barədə söhbət açılıb, gündəlikdə duran yeni perspektivli layihələrə toxunulub.
Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi meqa layihələr uğurlu regional əməkdaşlıq nümunəsi kimi dəyərləndirilib.
Bu layihələrin Cənubi Qafqazın transformasiyasına xidmət etdiyi, bölgənin enerji və nəqliyyat xəritəsini dəyişdiyi diqqətə çatdırılıb.
Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında iki ölkənin önəmli rolu qeyd olunub.
Eyni zamanda Azərbaycan və Gürcüstanın iştirakı ilə Avropaya yaşıl enerji körpüsünün salınmağa başlanılmasından məmnunluq ifadə olunub.
Nəqliyyat-tranzit sahəsi ikitərəfli əməkdaşlığın ən vacib istiqamətlərindən biri kimi dəyərləndirilib.
Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işə salınması üçün birgə səylərin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın əlavə sərmayəsi və Gürcüstan tərəfinin səyləri nəticəsində bu yolun yükaşırma qabiliyyəti 1 milyon tondan 5 milyon tonadək artırılıb.
Orta Dəhlizin mühüm halqası olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 mln. tondan 25 mln. tona qədər artırılması istiqamətində fəal işin aparıldığı bildirilib.
Kənd təsərrüfatının müxtəlif istiqamətlərində, o cümlədən kənd təsərrüfatı və emalı məhsulları üzrə qarşılıqlı ticarət, bitki mühafizəsi, baytarlıq və digər sahələrdə uğurlu əməkdaşlıqdan və təcrübə mübadiləsindən məmnunluq ifadə olunub.
Mədəni-humanitar sahədə əməkdaşlığın uğurlu nəticələri təqdir edilib. 2023-cü ildə Gürcüstanda baş nazirlərin iştirakı ilə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasiminin keçirilməsinin əhəmiyyətinə toxunulub.
Mədəni-humanitar mübadilənin və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində qarşılıqlı maraq ifadə olunub.
İclasda Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətləri üzrə inkişaf perspektivləri geniş müzakirə olunub, nümayəndə heyətlərinin üzvləri gündəlikdə duran məsələlərə dair çıxış ediblər.
İclasın yekununda Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidze Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasının Protokolunu imzalayıblar.
Həmçinin Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlikləri arasında konsulluq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi arasında Niyyət Protokolu imzalanıb.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Əli Əsədov: "BTQ-nin tam işə düşməsi üçün birgə səylər əhəmiyyətlidir"
- Əli Əsədov: "Gürcüstanın iqlim dəyişiklikləri ilə mübarizədəki töhfəsini yüksək qiymətləndiririk"
- Əli Əsədovla İrakli Kobaxidzenin görüşü olub
- İcra sənədləri əsasında aparılan qiymətləndirməyə görə xidmət haqqının yuxarı həddi təsdiqləndi
- Qazaxıstan AZAL pilotları ilə dispetçer arasındakı danışığın stenoqramını şərh etməyəcək