"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamında dəyişikliklər edilib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı İlham Əliyev yeni fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan İnvestisiya Holdinqinin bu sərəncamda göstərilən səlahiyyətləri Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON) verilib.
Belə ki, "AZCON Holdinq" verilən səlahiyyətlər aşağıdakılardır:
- Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş digər məsələlərin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi;
- bu Sərəncamın 2.1-ci bəndində və 2.2.1-ci yarımbəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının normativ hüquqi aktları, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.
Bundan başqa, sərəncamın 3-cü bəndi də yeni redaksiyada verilib:
"3. Müəyyən edilsin ki:
3.1. Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
3.2. Cəmiyyətin Müşahidə Şurası aşağıdakı səlahiyyətləri həyata keçirir:
3.2.1. Cəmiyyətin inkişaf strategiyasına və onun icrası ilə bağlı tədbirlər planına, habelə əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsinə və biznes planına dair Ümumi Yığıncağa təkliflər vermək;
3.2.2. Cəmiyyətin gəlirlər və xərclər smetalarını, o cümlədən büdcə proqnozlarını təsdiq üçün Ümumi Yığıncağa təqdim etmək və icrasını təmin etmək;
3.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına dair Ümumi Yığıncağa təkliflər vermək;
3.2.4. fəaliyyətinin səmərəliliyini artırmaq üçün etika, strateji planlaşdırma, risklərin idarə edilməsi və s. üzrə yardımçı komitələr yaratmaq və öz səlahiyyətlərinin bir hissəsini onlara həvalə etmək;
3.2.5. Ümumi Yığıncaqla razılaşdırmaqla, Cəmiyyətin maliyyə planlaşdırılmasını təsdiq etmək və icrasını təmin etmək;
3.2.6. Ümumi Yığıncaqla razılaşdırmaqla, Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin nizamnamələrini təsdiq etmək;
3.2.7. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə Cəmiyyət tərəfindən hüquqi şəxslərin yaradılması, eləcə də onların idarəetmə orqanlarının üzvlərinin (rəhbərlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi ilə bağlı Ümumi Yığıncağa təkliflər vermək;
3.2.8. Ümumi Yığıncağın razılığı ilə Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin strukturunu, işçilərinin say həddini, əməkhaqqı sistemini və əməyin ödənişi fondunu, ştat cədvəlini təsdiq etmək;
3.2.9. Cəmiyyətin mənfəətinin və zərərinin bölüşdürülməsi ilə bağlı sənədləri, həmçinin illik hesabatları və maliyyə hesabatlarını təsdiq üçün Ümumi Yığıncağa təqdim etmək;
3.2.10. Cəmiyyətin daxili audit bölməsini təşkil etmək və onun əsasnaməsini Ümumi Yığıncaqla razılaşdırmaqla təsdiq etmək, əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad etmək;
3.2.11. bu Sərəncamın 2-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları və Cəmiyyətin nizamnaməsi ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək;
3.3. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 7 (yeddi) üzvdən - sədr və onun 6 (altı) müavinindən ibarət İdarə Heyəti həyata keçirir".
Eyni zamanda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamında da dəyişiklik edilib.
Belə ki, bu sərəncamın 2-ci bəndində də Azərbaycan İnvestisiya Holdinqinin səlahiyyətləri "AZCON Holdinq"ə verilib.
"AZCON Holdinq"ə verilən səlahiyyətlər aşağıdakılardır:
- Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş digər məsələlərin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi;
- bu Sərəncamın 2.1-ci bəndində və 2.2.1-ci yarımbəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının normativ hüquqi aktları, eləcə də Cəmiyyətin nizamnaməsi ilə Ümumi Yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.