AMEA Tarix İnstitutu İrəvan və digər Azərbaycan ərazilərinin ermənilərə hansı şərtlərlə verildiyini dəlil-sübutla ortaya qoydu; Ermənistan Batum müqaviləsi şərtlərini pozduğu üçün rəsmi Bakı torpaqlarını geri tələb etmək haqqını qazanıb; məsələ Milli Məclisdə qaldırılacaq...
Yaqub Mahmudov: “29 may 1918-ci il tarixli qərarına yenidən baxılmalı və həmin qərar qüvvədən salınmalıdır”
Fəzail Ağamalı: “Kommunist rejiminin Göyçə-Zəngəzuru Ermənistana verməsinin heç bir hüquqi əsası yoxdur və o ərazilər geri qaytarılmalıdır”
Ötən həftə tarixi Azərbaycan ərazilərində, Dilicanda UWC beynəlxalq məktəbin açılışını edən Ermənistan prezidenti Serj Sərkisyan ironiya ilə “arzu edirəm ki, bu məktəbdə azərbaycanlılar da təhsil alsın” demişdi. Ancaq erməni prezident o anda bəlkə də unudub ki, çağırdığı torpaqlar elə bineyi-qədimdən azərbaycanlılara məxsus olub.
AMEA-nın Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov isə İrəvan və onun ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi ilə bağlı bir sıra yeni sənədlər və şok faktlar aşkarlayıb. Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivi və Azərbaycan Dövlət Arxivindəki qiymətli tarixi mənbələrə istinad edən institutun direktoru, professor Yaqub Mahmudov mətbuata məlumat verib.
Tarixçi alimin sözlərinə görə, həmin sənədlər sübut edir ki, erməni tərəfi Batum danışıqları və müqavilələrinə (11 may - 4 iyun 1918-ci il) əsasən İrəvan və ətraflarındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə bir sıra öhdəliklər götürüb. Lakin ermənilər məqsədlərinə nail olduqdan sonra üzərlərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozub, işğalçılıq siyasətini davam etdiriblər. Beləliklə, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə həm Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirib. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır.
Y.Mahmudov bildirir ki, Türkiyənin hakim siyasi dairələrində Cənubi Qafqazda erməni dövləti yaradılması məsələsində fikir ayrılığı vardı: “Sədrəzəm Tələt paşa və hərbi nazir Ənvər paşa Cənubi Qafqazda erməni dövləti yaradılmasının əleyhinə idilər və bu məsələdə ”çibanı kökündən təmizləmək" tərəfdarı idilər. Bu mümkün olmadıqda “Ermənistanın çox zəif və yaşaya bilməyəcək bir dövlət şəklində təşəkkül etməsini” təklif edirdilər. Lakin Tələt paşa və Ənvər paşadan fərqli olaraq, Batum danışıqlarında Türkiyə nümayəndə heyətinə başçılıq edən Dövlət Şurasının sədri və ədliyyə naziri Xəlil bəy Menteşə və Osmanlı Orduları Qafqaz Cəbhəsinin komandanı Ferik Mehmed Vehib paşa Cənubi Qafqazda Azərbaycan torpaqları hesabına ermənilərə dövlət yaratmaq tərəfdarı idilər. Onlar güman edirdilər ki, bununla ermənilər həm Anadoludan uzaqlaşdırılacaq, həm Türkiyə-erməni münasibətləri biryolluq nizama salınacaq, həm də “erməni məsələsi” ilə bağlı Türkiyəyə qarşı beynəlxalq qınağa son qoyulacaqdır".
Tarixçi qeyd edib ki, Azərbaycan tərəfi də Tələt paşa və Ənvər paşanın “çibanı kökündən təmizləmək” siyasətinin əleyhinə idi və “kiçik bir erməni kantonunun” yaradılmasını təklif edirdi: “Belə bir təkliflə Batumda danışıqlar aparan Azərbaycan nümayəndələri M.H.Hacınski və M.Ə.Rəsulzadə hələ 1918-ci il mayın 23-də Ənvər Paşaya xüsusi müraciətnamə göndərmişdilər. Həmin müraciətnaməni onlardan başqa Əhməd bəy (Can Baba), A.B.Səfikürdski, Ə.C.Pepinov, M.Y.Cəfərov, F.X.Xoyski, N.B.Usubbəyov və X.B.Xasməmmədov da imzalamışdılar” (“Azərbaycan”).
Y.Mahmudov tarixi qaynaqlara istinadən qeyd edir ki, ermənilər məqsədlərinə nail olduqdan dərhal sonra Batum danışıqları zamanı və Batum müqavilələrinə əsasən İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərlərinə götürdükləri bütün öhdəlikləri yerinə yetirməkdən imtina etdilər. Belə ki, 1) Yeni yaradılmış erməni hökuməti, götürdüyü öhdəliyin əksinə olaraq, nəinki Bakıda hakimiyyəti ələ keçirərək Azərbaycan xalqına qarşı soyqırımı cinayəti həyata keçirən St.Şaumyanla əlaqə yaradıb qırğınları dayandırmadı, əksinə, St.Şaumyanın göstərişi ilə daşnak-bolşevik qüvvələri ermənilərə dövlət yaratmaq üçün torpaq vermiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətini aradan qaldırmaq üçün Gəncə istiqamətində hücuma başladı və Azərbaycan xalqına qarşı yeni soyqırımları həyata keçirdi.
2) Ermənilər, verdikləri vədlərin əksinə olaraq, Azərbaycan qəzalarında nəinki soyqırımlarını dayandırmadılar, əksinə, yeni yaradılmış Ermənistan Respublikasının silahlı müdaxiləsi və yardımı ilə Azərbaycan xalqına qarşı soyqırımları daha dəhşətli xarakter aldı.
3) Erməni tərəfi, verilmiş vədlərin əksinə olaraq, nəinki yeni yaradılmış Ermənistan Respublikasının ərazisindəki türk-müsəlman əhalinin dini ibadət, mədəni, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etmədi, əksinə, Azərbaycan ərazisində dövlət yaratmaq məqsədlərinə nail olan kimi yerli azərbaycanlılara qarşı dövlət səviyyəsində kütləvi soyqırımlarına başladı. Bununla kifayətlənməyən Ermənistan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini pozaraq Azərbaycan xalqına qarşı soyqırımlarının coğrafiyasını daha da genişləndirdi. Yeni-yeni Azərbaycan torpaqları işğal olundu. İşğal olunmuş Azərbaycan torpaqlarında türk-müsəlman əhaliyə qarşı etnik təmizləmə və soyqırımlar həyata keçirildi. Ermənistan Respublikasının siyasi varisi olan müasir Ermənistan Respublikası hazırda ancaq ermənilərdən ibarət olan monoetnik və təcavüzkar dövlətə çevrilmişdir. Beləliklə, vaxtilə əhalisinin böyük əksəriyyəti türk-müsəlman əhali olan müasir Ermənistan ərazisində 1 nəfər də olsun azərbaycanlı qalmamışdır.
4) Yeni yaradılmış erməni dövləti - Ermənistan Respublikası götürdüyü öhdəliyin əksinə olaraq, nəinki Qarabağın dağlıq hissəsinə olan iddialarından əl çəkmədi, əksinə, Batum müqaviləsinin imzalanmasından dərhal sonra ermənilərə dövlət yaratmaq üçün ərazi vermiş Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini pozaraq yeni-yeni Azərbaycan torpaqlarının işğalına başladı. Məhz buna görə də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı F.X.Xoyski 1918-ci il iyulun 31-də o zaman İstanbulda danışıqlar aparan Azərbaycan nümayəndə heyətinin başçısı M.Ə.Rəsulzadəyə belə bir göstəriş vermişdi: “Əgər ermənilər əldə olunmuş razılığı pozaraq Qarabağla bağlı iddia qaldırsalar, İrəvanın onlara güzəştə gedilməsindən (yəni Milli Şuranın 29 may 1918-ci il tarixli qərarının icrasından - Y.M.) imtina et”.
5) Batum müqaviləsinin şərtlərinə və Azərbaycan Milli Şurasının qərarına əsasən ermənilərə dövlət yaratmaq üçün İrəvan və ətrafında 9 min km2 sahəsi olan Azərbaycan torpaqları verilmişdi. Yəni erməni dövləti həmin ərazi çərçivəsində mövcud olmalı idi. Lakin yuxarıda qeyd olunduğu kimi, ermənilər çox keçmədən, Batum müqaviləsinin şərtlərini pozaraq Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirməkdə davam etdilər. Belə ki, 1918-ci ilin 29 mayında 9 min km2-lik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti müxtəlif dövrlərdə Moskvanın birbaşa köməyi ilə daha 20,8 min km2 Azərbaycan torpağını ələ keçirərək ərazisini 29,743 min km2-ə çatdırdı.
1918-ci il mayın 29-da 9 min km2-lik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti sonrakı dövrlərdə aşağıdakı Azərbaycan torpaqlarını işğal etdi: 1920-ci ilin dekabrından başlayaraq 10 il ərzində Moskvanın birbaşa köməyi ilə Zəngəzur qəzasından 405.000 desyatin (4414,5 km2), Qazax qəzasından 535096 desyatin (5832,82 km2) , Naxçıvan MSSR-dən 657 km2, Cəbrayıl qəzasından Nüvədi, Eynəzir və Tuğut kəndlərini əhatə edən Azərbaycan torpaqları Ermənistan ərazisinə qatıldı. Sovet rejiminin sonrakı illərində də Ermənistan ərazisi Azərbaycan torpaqları hesabına daha da genişləndirildi və 29,743 km2-ə çatdırıldı.
Yuxarıda göstərilən işğallar nəticəsində Azərbaycan özünün ayrılmaz tərkib hissəsi olan Naxçıvandan ayrı salındı və Türkiyə ilə birbaşa əlaqə saxlamaq imkanından məhrum edildi. Ermənilərin həyata keçirdiyi yuxarıda qeyd olunan işğallar nəticəsində, ümumiyyətlə, türk dünyası ölkələrinin bir-biri ilə birbaşa əlaqə saxlamaq imkanları da aradan qaldırıldı. Bütün bunlarla kifayətlənməyən təcavüzkar Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı rayonlarından ibarət daha 17 min km2-lik ərazisini işğal etdi, insanlığa qarşı misilsiz vəhşilik aktı olan Xocalı soyqırımını törətdi.
6) Erməni tərəfi, bütün yuxarıda göstərilənlərdən əlavə, Azərbaycanla konfederativ dövlət yaratmaq şərtini də yerinə yetirmədi. Daha doğrusu, Azərbaycan Milli Şurasının 1918-ci il mayın 29-da ermənilərlə konfederativ dövlət yaradılması barədə yekdilliklə qəbul etdiyi qərar da ermənilər tərəfindən yerinə yetirilmədi.
Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti İrəvan və ətrafındakı Azərbaycan torpaqlarını ermənilərə 1918-ci il Batum danışıqları (11 may - 04 iyun) və Batum müqavilələrinin (04 iyun 1918-ci il) şərtlərinə əsasən vermişdi. Azərbaycan tərəfi bu taleyüklü addımı atarkən ermənilərlə dostluq və mehriban qonşuluq münasibətləri yaratmağa çalışırdı və danışıqlarda iştirak edən erməni tərəfinin səmimiyyətinə inanırdı. Lakin erməni tərəfi Batum danışıqları zamanı əldə olunmuş razılaşmalara və Batum müqavilələrinin şərtlərinə əsasən üzərinə götürdüyü bütün öhdəlikləri birtərəfli qaydada pozdu: işğalçılıq, deportasiyalar və soyqırım siyasətini davam etdirdi. Buna görə də 04 iyun 1918-ci il tarixli Batum müqavilələri və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı əslində öz hüquqi qüvvəsini itirmişdir.
Bütün bunları nəzərə alan Tarix İnstitutu belə qənaətə gəlib ki, erməni tərəfi 1918-ci il Batum razılaşmalarının və Batum müqavilələrinin bütün şərtlərini birtərəfli qaydada pozduğu üçün və bununla da göstərilən müqavilələr öz hüquqi qüvvəsini itirdiyinə görə Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olan Azərbaycan Respublikası adekvat addım atmalıdır: Azərbaycan Milli Şurasının xalqın iradəsini nəzərə almadan İrəvanın və ətrafındakı torpaqların ermənilərə verilməsi haqqında 29 may 1918-ci il tarixli qərarına yenidən baxılmalı və həmin qərar qüvvədən salınmalıdır. Bununla, Azərbaycan xalqının öz tarixi torpaqlarına varislik hüququ bərpa olunmalıdır.
Əslən Qərbi Azərbaycandan olan deputat Fəzail Ağamalı Y.Mahmudovun təşəbbüsünü dəstəkləməklə bərabər, müəlliminə çox önəmli məsələni gündəmə gətirdiyi üçün təşəkkür etdi: “Bu məsələ təkcə tarixilik baxımından önə çəkilməli deyil, eyni zamanda bu, hüquqi və siyasi baxımdan aktuallaşdırılmalıdır. Məsələnin gündəmə gətirilməsi həm Ermənistana diplomatik hücumlarımızın geniş və tutarlı hüquqi əsaslarını artıra bilər, həm də o torpaqlara qayıtmağımız üçün əlimizə hüquqi imkanlar verə bilər. Biz o torpaqlara qayıtmalıyıq və qayıdacağıq da. O torpaqların üzərində yaramaz Ermənistan işğalçı, terrorçu dövləti qurulub. Hadisələrin gedişi də bizi ora aparır, ola bilsin, biz qurban vermədən, güllə atmadan, tarixin gedişi nəticəsində öz yurdlarımıza dönəcəyik. Amma biz indidən məsələni aktuallaşdırmalı, beynəlxalq təşkilatlara daşımalıyıq, Azərbaycanda geniş müzakirələr keçirib məsələnin hüquqi əsaslarını yaratmalıyıq”. F.Ağamalı məsələnin parlament səviyyəsində müzakirəsini də zəruri saydı: “Bu məsələ Milli Məclisin tribunasından da səsləndirilməli, gündəmə gətirilməlidir. 17 oktyabrdakı plenar iclasda imkan olsa, mən bu məsələni birmənalı şəkildə qaldıracağam və hörmətli həmkarım Yaqub Mahmudovun qaldırdığı məsələnin aktuallaşması üçün səylərimi ortaya qoyacağam”.
F.Ağamalı paralel olaraq Göyçə-Zəngəzur torpaqlarının sovet dekreti ilə Ermənistana verilməsi məsələsinin də gündəmə gətirilməsini vacib sayır: “Əlimərdan bəy Topçubaşovun böyük səyləri nəticəsində Versal Sülh Konfransında 114 min kv.km-lik ərazi çərçivəsində Azərbaycan Demokratik Cümhuriyyəti tanınmışdı. Versal Konfransında Azərbaycanın ərazi bütövlüyünün tanınması bizim əlimizdə çox ciddi bir sənəddir. Sovet hökuməti Azərbaycanı işğal edəndən sonra Göyçə və Zəngəzur da Azərbaycanın tərkibində qalmalı idi. Ancaq kommunist rejiminin, mikoyanların səyləri nəticəsində Zəngəzur və Göyçəni ermənilərə verdilər. 1918-ci ildə İrəvan və ətraf kiçik ərazidən ibarət olan Ermənistan sovetlər dövründə Göyçə və Zəngəzurun verilməsi ilə 26 min kv.km-ə çatdırıldı. O əraziləri də geri qaytarmalıyıq. İradəmizi ortaya qoyaraq hüquqi sənədlərlə sübut etməliyik ki, kommunist rejiminin Azərbaycan torpaqlarını alıb Ermənistana verməsinin heç bir hüquqi əsası yoxdur və o ərazilər geri qaytarılmalıdır”.
Mənbə: Yeni Müsavat