"Azərbaycan artıq Mərkəzi Asiya ilə münasibətlərini yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, Cənubi Qafqaz-Mərkəzi Asiya əlaqələndirilməsi, Orta Dəhliz, enerji bağlantıları və Türk dünyasının inteqrasiyası kontekstində qurur. Xüsusilə, "C5-dən C6-ya keçid" Azərbaycanın regional rolunun yeni mərhələsini göstərir".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O bildirib ki, bu yanaşma Azərbaycanın xarici siyasətində yeni regional baxışın formalaşdığını göstərir: Cənubi Qafqaz və Mərkəzi Asiya bir-birindən ayrı geosiyasi məkanlar deyil, getdikcə daha sıx inteqrasiya olunan vahid iqtisadi və nəqliyyat məkanı kimi çıxış edir:
"Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə dinamik şəkildə inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Bu yaxınlaşma yalnız dövlətlərarası münasibətlərlə məhdudlaşmır, xalqlar arasında tarixi, mədəni və mənəvi bağların daha da möhkəmlənməsi ilə müşayiət olunur.
İki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi münasibətlərin mühüm istiqamətlərindən biridir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması iqtisadi potensialın nə qədər böyük olduğunu göstərir. 2026-cı ilin ilk beş ayında da ticarət dövriyyəsində 33 faizlik artımın qeydə alınması əməkdaşlığın yüksələn xətt üzrə davam etdiyini göstərir.
İnvestisiyaların qarşılıqlı şəkildə artırılması, birgə müəssisələrin yaradılması və müxtəlif sahələrdə yeni layihələrin həyata keçirilməsi iki ölkənin iqtisadi münasibətlərini daha da şaxələndirir. Bu baxımdan Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq yalnız ticarət dövriyyəsinin artırılmasına deyil, həm də istehsal və investisiya zəncirlərinin formalaşdırılmasına xidmət edir".
P.Vəliyeva qeyd edib ki, Azərbaycan-Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Şərqlə Qərbi birləşdirən Orta Dəhlizdə mühüm mövqeyə malik olması, Özbəkistanın isə Mərkəzi Asiyanın nəqliyyat və iqtisadi potensialı ilə çıxış etməsi iki ölkəni daha geniş regional bağlantıların əsas iştirakçılarına çevirir:
"Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizlə inteqrasiyası regionun nəqliyyat xəritəsində mühüm dəyişiklik yarada bilər.
Azərbaycan-Qazaxıstan-Özbəkistan arasında yaradılan "Yaşıl Dəhliz" təşəbbüsü Mərkəzi Asiyada istehsal olunan bərpaolunan enerjinin Avropa bazarlarına çıxarılması baxımından strateji əhəmiyyət daşıyır. Xəzər dənizinin dibi ilə enerji bağlantılarının yaradılması perspektivi isə bu əməkdaşlığın uzunmüddətli geoiqtisadi əhəmiyyətini daha da artırır.
İki ölkə daxil olduqları Türk Dövlətləri Təşkilatını (TDT) yalnız iqtisadi və siyasi əməkdaşlıq platforması kimi deyil, ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərləri gələcəyə daşıyan mühüm birlik kimi qiymətləndirir.
Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətləri Türk dünyasının inteqrasiyası üçün nümunəvi model formalaşdırır.
Qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. 2026-cı ildə Azərbaycan və Özbəkistanın QHT-lər üçün birgə qrant müsabiqəsi elan etməsi vətəndaş cəmiyyətlərinin də ikitərəfli münasibətlərin inkişafında daha fəal rol almağa başladığını göstərir.
Beləliklə, Azərbaycan-Özbəkistan münasibətləri həm də Şərqlə Qərb arasında yeni bağlantılar yaradan və Türk dünyasının iqtisadi və siyasi potensialını gücləndirən daha geniş regional prosesin mühüm hissəsinə çevrilir".