Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycana qarşı siyasi ikiüzlülük: Dünyanı kim çirkləndirir?
Dünyanın ən zəngin ölkələri iqtisadi cəhətdən daha yaxşı mövqedə olduqlarına görə, Paris Sazişlərinə əsasən, ənənəvi yanacaqlardan daha təmiz enerji mənbələrinə keçidi təmin etmək öhdəliyi daşıyırlar.
Lakin təəssüf ki, ənənəvi yanacaqlardan iqtisadi asılılığı aşağı olan bu yüksək məhsuldar ölkələr hazırda növbəti qazma bumuna başçılıq edir və 2023-cü ildə müvafiq işlər üçün 825 yeni lisenziya verərək rekorda imza atıblar.
Bu barədə Oxu.Az "The Guardian"a istinadən xəbər verir.
Bildirilir ki, Səudiyyə Ərəbistanı və ya Rusiya kimi klassik "neft dövlətləri" iqlim böhranı ilə mübarizə üçün tədbirləri yavaşlatdıqlarına görə tənqid edilir, halbuki enerji keçidini daha asan edən maliyyə və texnoloji resurslara malik olan Böyük Britaniya, ABŞ, Kanada, Norveç və Avstraliya kimi ölkələr getdikcə daha çox "neft dövlətləri" kimi çıxış edirlər. 2020-ci ildən bəri qlobal miqyasda verilmiş bütün yeni neft və qaz lisenziyalarının üçdə ikisindən çoxunu (67%) məhz bu beş zəngin ölkə təqdim edib.
Son on ildə ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Norveç tərəfindən verilmiş yeni lisenziyaların 2014-2023-cü illər arasında bütün digər ölkələrlə müqayisədə beş dəfə daha çox istixana qazı emissiyasına səbəb olduğu təxmin edilir.
Zəngin ölkələrdə yeni lisenziya almış yataqlar 172 milyon ton CO2 yarada bilər ki, bu da 43 yeni kömürlə işləyən elektrik stansiyasının karbon emissiyasına bərabərdir.
"İqlim böhranına görə tarixən məsul olan zəngin ölkələrin ikiüzlülüyü heyrətləndiricidir. Çünki onlar ənənəvi yanacaqlara böyük sərmayə qoymağa davam edir, dünyanı ağlasığmaz iqlim fəlakətinə doğru istiqamətləndirir, eyni zamanda özlərini iqlim liderləri kimi təsdiqləyirlər", - "Global Engagement Fossil"in direktoru Harjet Sinqh deyib.
Onun sözlərinə görə, ənənəvi yanacaqlardan uzaqlaşmaq üçün iqtisadi imkanlara baxmayaraq, bu ölkələr planetdə mənfəət əldə etməyi seçən neft dövlətləridir və bu dövlətlər iqlimlə bağlı fövqəladə halların qarşısını almaq üçün qlobal səylərə zərbə vurur.
"Oil Change International"ın keçənilki "Planet Wreckers" hesabatına görə, planetimizdə yalnız beş dövlət - ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada və Norveç 2050-ci ilə qədər yeni neft və qaz kəşflərindən planlaşdırılan hasilat genişlənməsinin əksəriyyətinə (51%) cavabdehdir. Onlar ən böyük iqlim ikiüzlüləri kimi çıxış edirlər. Bu ölkələrin hökumətləri ekoloji problemlərdən dəm vursalar da öz mənfəətlərini də unutmurlar.
Məsələn, Co Baydenin iqlim üzrə baş müşaviri Con Podesta keçən ay ABŞ-nin enerji hasilatı ilə bağlı fəaliyyətini genişləndirməsini müsbət hal adlandırıb. Onun sözlərinə görə, Ukrayna münaqişəsinə görə, Avropanın Rusiyadan gələn enerji mənbələrinə güvənməsi mümkünsüz olub və ABŞ mövcud ehtiyacın bir hissəsini təmin etmək məqsədilə zəruri addımlar ataraq öz ənənəvi neft-qaz hasilatını artırıb.
Norveçin Neft Nazirliyinin dövlət katibi Elizabet Seter isə bildirib ki, dünyanın neft və qaza ehtiyacı hələ uzun müddət davam edəcək. "Avropa uzun illər ərzində digər regionlardan idxaldan asılı olacaq. Norveç nefti və qazı davamlı, əlverişli və təhlükəsiz enerji təchizatına töhfə verə bilər", - nazir qeyd edib.
Sadalanan bu rəqəmlər və faktların fonunda son aylarda bəzi Qərb mediası təmsilçiləri və təşkilatları tərəfindən Azərbaycana qarşı səslənən iddialar sadəcə gülünc görünür. Yuxarıdakı arqumentlərin qarşısında "Azərbaycanın neft və qaz istehsalçısı olduğuna görə COP29-a sahiblik etməsinin yanlışlığı" barədə bəyanatları heç bir tənqidə tab gətirmir. Ən azı ona görə ki, əvvəlki onilliklər ərzində olduğu kimi, hazırda da dünyanı Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr deyil, artıq yüksək inkişaf mərhələsində olan zəngin dövlətlər çirkləndirir.
"COP29" teqi üzrə xəbərlər
- "Bolt Business": Azərbaycanda korporativ səfərləri yeni səviyyəyə qaldırır
- "ACWA Power" 2024-cü ilin "Fəal Xarici Şirkəti" adına layiq görülüb
- Azərbaycanın beynəlxalq mövqeyi necə gücləndi? - Xarici siyasətdəki uğurların səbəbi
- Prezident Arzu Əliyevanı təltif edib
- Prezident Leyla Əliyevanı təltif edib