Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.
Oxu.Az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) yaratmalı və həmin publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirməlidir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və “Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) TƏBİB-in tabeliyinə veriləcək.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq 2019-cu il ərzində TƏBİB-in tabeliyinə verilməsi, icbari tibbi sığortanın məlumat bazasının və müvafiq proqram təminatının yaradılması, TƏBİB-in fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktların hazırlanması və qəbulu, habelə onun tabeliyinə verilən tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmləri əsasında 2020-ci ildən tam fəaliyyətə başlamasının təmin edilməsi ilə bağlı aparılacaq işlərə cari rəhbərliyi həyata keçirmək və həmin işləri əlaqələndirmək, aidiyyəti dövlət orqanlarının və qurumlarının bu işlərdə iştirakını təmin edəcək tədbirlər görmək tapşırılıb.
Nazirlər Kabinetinə isə “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaitinin idarə edilməsini və icbari tibbi sığorta üzrə sığortaolunan şəxslərə tibbi xidmətlərin həmin fondun vəsaiti hesabına göstərilməsini təmin etmək;
2020-ci ildən etibarən icbari tibbi sığorta sisteminin Azərbaycan Respublikasının bütün ərazisində tətbiqinə imkan verəcək hazırlıq işlərini, o cümlədən aşağıdakıları təmin edən, lakin bunlarla məhdudlaşmayan tədbirlər görmək:
icbari tibbi sığortanın məlumat bazasının yaradılmasını və bütün ölkə üzrə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin həmin məlumat bazasına inteqrasiyasını;
informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə, TƏBİB-in tabeliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan müəssisələrdə gəlirlərin və xərclərin uçotu da daxil olmaqla, həmin tibb müəssisələrinin tam idarə edilməsini təmin edəcək proqram təminatının hazırlanmasını (alınmasını) və geniş tətbiqini;
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin informasiya resurslarının icbari tibbi sığortanın tətbiqini təmin edəcək hədlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin informasiya resurslarına inteqrasiyasını və qarşılıqlı məlumat mübadiləsinin tətbiqini;
icbari tibbi sığortanın tam şəkildə həyata keçirilməsi üçün lazım olan normativ hüquqi aktların, o cümlədən tibbi protokolların və digər sənədlərin tətbiqini;
bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin 2020-ci il yanvarın 1-dən etibarən fəaliyyətinin təmin edilməsi ilə bağlı onların ixtisaslı kadrlarla komplektləşdirilməsini;
icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlər zərfi və tibbi xidmətlərin tarifləri barədə təkliflərin hazırlanmasını və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsini;
TƏBİB-in tabeliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan müəssisələrdə işləyəcək tibb işçilərinin işə qəbulu qaydasına dair təkliflərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birlikdə hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsini;
bu Fərmanın 6.5.1 – 6.5.5-ci yarımbəndlərində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər icbari tibbi sığortanın tətbiqi, habelə TƏBİB-in fəaliyyətinin təşkili ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq kömək göstərilməsini təmin etməli, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməli, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
Bu Fərmanın 2-ci hissəsi 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.