Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıya “Dünyanın xilaskar şəhəri” adı verilməlidir - TƏKLİF
İkinci Dünya Müharibəsində Azərbaycan, Bakı nefti olmasaydı, bu gün dünyanın xəritəsi də fərqli olacaqdı.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov deyib.
Tarixçi Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfədən danışarkən bildirib ki, Həmzə Sadıqov adlı azərbaycanlı zabit alman general Rozenberqi əsir alıb.
C.Bəhramov onu da xatırladıb ki, Berlinə ilk dəfə Azərbaycan diviziyası – Taqonroq diviziyası daxil olub.
O, qələbə bayrağının Reyxstaqın günbəzinə sancan şəxsin də azərbaycanlı Mirzə Hüseynov olduğunu bildirib:
“Bununla bağlı yeni faktlar aşkarlamışıq. Bunun üzərində tədqiqat işlərini aparırıq. Mirzə Hüseynovu öldürən polkovnik Nikolayev Mirzə Hüseynovun müavini Şahbaz Hüseynov tərəfindən məhv edilib.
Şahbaz Hüseynovu buna görə həbs edib Sibirə göndəriblər. Amma ulu öndər Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsində olarkən məsələni araşdırır. Görür ki, Şahbaz Hüseynov haqsız olaraq həbs edilib və Sibirə göndərilib. Ulu öndər Heydər Əliyev təqdimat yazdıqdan sonra Şahbaz Hüseynov azad edilir”.
Professor vurğulayıb ki, Azərbaycan İkinci Dünya Müharibəsində xəyanət yolunu tutmayıb.
“Məhz Azərbaycanın sayəsində bütün dünya faşizmdən xilas olub. Bakıya isə “Qəhrəman şəhər” adı verilməyib. Heç verməsinlər. Əslində, Bakı üçün “Qəhrəman şəhər” adı azdır. Bakıya “Dünyanın xilaskar şəhəri” adı verilməlidir”.
Xatırladaq ki, oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.
Ölkə başçısı faşizm üzərində ümumi qələbəyə Azərbaycan layiqli töhfə verdiyini vurğulayıb.
Prezident bildirib ki, ən dağıdıcı, qanlı müharibənin ön və arxa cəbhələrində xalqlarımız gələcək nəsillər üçün nümunə olan qəhrəmanlıq və igidlik göstəriblər.
“Azərbaycanın 600 mindən çox oğlu və qızı Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb, onların yarısı ümumi qələbəmiz uğrunda canlarından keçib. Müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi”, - deyə Prezident əlavə edib.
Aqşin Kərimov
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib