Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
SOCAR-ın nailiyyətləri: bu, kimlərin yuxusuna mane olur?
Rövnəq Abdullayev uzun illərdir ölkə büdcəsinin və ixracının xeyli hissəsini təmin edən Azərbaycanın ən böyük dövlət şirkəti olan SOCAR-ın rəhbəridir. Və Dövlət Neft Şirkətinin strukturuna daxil olan başqa profilli yeni müəssisələri nəzərə alsaq, o, həm də qeyri-neft sektorunda prioritetli aparıcı şirkətə çevrilib.
Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin neft strategiyası SOCAR kimi bir neft nəhənginin yaranmasını əvvəlcədən müəyyənləşdirdi. Buna görə də R.Abdullayevin və rəhbərlik etdiyi şirkətin adı hər gün medianın və ictimaiyyətin diqqət mərkəzindədir.
Və təəssüf ki, həmişə birmənalı olmasa da, bunu başa düşmək asandır: dövlət şirkətində istənilən çatışmazlıq – bu, dövlətin çatışmazlığıdır. Dövləti tənqid edən həvəskarlar isə az deyil. SOCAR prezidentinin istefası ilə bağlı son açıqlamanı da yalnız bununla izah etmək olar. Ancaq tənqidçilər bu dəfə onu nəyə görə “çıxardılar”?
Dövlət şirkətlərinin rəhbərləri gəlir və gedirlər - bu, qanunauyğunluqdur. Adətən, onları işlərində müxtəlif çatışmazlıqlara, istehsal fəaliyyətlərinə və ya şirkətin imicinə təsir edən ciddi problemlərə görə vəzifədən azad edirlər.
SOCAR-ın imicindən danışmağa ehtiyac yoxdur, son illərdə dünyanın hər yerindən onun fəaliyyəti haqqında xoş xəbərlər gəlir.
İstehsal göstəricilərinə gəlincə, bizə elə gəlir ki, onun təkcə “istefa” günündə dərc edilmiş informasiyaları ötəri sadalamaq kifayətdir.
“Petkim” - Türkiyənin yeganə inteqrasiya olunmuş neft-kimya müəssisəsidir və ölkənin neft-kimya məhsullarına olan ehtiyacının 20 faizini qarşılayır. 2008-ci ildən bəri SOCAR hər il “Petkim”ə 100 milyon dollara yaxın sərmayə yatırır, ümumi investisiyanın həcmi 1 milyard dollara çatır.
Kiçik və orta sahibkarlıq müəssisələri də daxil olmaqla, 6000 müəssisə, “Petkim”in 15 əsas və altı köməkçi obyektində istehsal olunan 60 adda müxtəlif məhsullarını alır. Məhsullarına tələbatın çox olduğu şirkət 2018-ci ili 872 milyon türk lirəsi qazancla başa vurub. 2019-cu ilin ilk altı ayında gəlirlər 5,9 milyard lirə, xalis mənfəəti isə 439 milyon lirə olub. Bundan əlavə, şirkət Türkiyə və Azərbaycanda ən çox rəqəmsal olmaq niyyətindədir.
“Petkim”i, SOCAR Terminalını 400 milyon dollara, “Star” Neft Emalı Zavodunu 6,3 milyard dollara, 600 milyon dollarlıq sərmayəni aldıqdan, həmçinin, 6,5 milyard dollara TANAP layihəsinə qatıldıqdan sonra SOCAR-ın Türkiyədəki sərmayəsi 15 milyard dolları keçdi.
Rəqəmlər, düzünü desək, yalnız nisbətən kiçik Azərbaycan və Türkiyə miqyasına görə heyrətləndirmir; yeri gəlmişkən, sonuncu dünyada ilk iyirmiliyə daxildir.
Və bütün bunların arxasında Azərbaycan Dövlət Neft Şirkəti dayanır. Bəlkə, yatırılan vəsaitlərin səmərəliliyi aşağıdır?
Yalnız keçən ilin oktyabr ayında İzmirdə artıq 4,5 milyon ton neft emal etmiş Star Neft Emalı Zavodunun açılışı oldu. O, bazara dizel və aviasiya yanacağı, LNG, neft koksu çıxarır.
Star daxili bazarın tələbatını ödəməklə yanaşı, məhsullarını Aralıq dənizi və Şimali Avropa ölkələrinə ixrac edir.
Uzunmüddətli perspektivdə zavod öz məhsulunu tam həcmdə daxili bazarda reallaşdırmaq niyyətindədir.
Burada SOCAR yalnız investor kimi yox, həm də xammalın əsas təchizatçısı kimi çıxış edir.
Zavodda 6,3 milyard dollarlıq 1,6 milyon ton nafti, 1,6 milyon ton reaktiv yanacaq, 4,8 milyon ton aşağı kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal ediləcək.
Və artıq gələn il hazır məhsulların satışı 6-9 milyard dollar, ildə isə 500 milyon dollar xalis mənfəət gətirə bilər.
Emal zavodunun fəaliyyəti gələcəkdə Türkiyəyə aviasiya yanacağının idxalını sıfıra endirməyə imkan verəcək. “Star”ın əsas məqsədi “Petkim”lə inteqrasiyadır.
Ancaq bu hamısı deyil. Dövlət Neft Şirkətinin törəmə şirkəti olan “SOCAR Turkey” İzmirdə daha bir neft-kimya kompleksinin - “Merkuri”nin təməlini qoymağı planlaşdırır.
Layihə üzrə işlərə gələn ilin birinci yarısında başlanması, yeni zavodun isə 2024-2025-ci illərdə istifadəyə verilməsi planlaşdırılır.
Layihənin dəyəri 1,8 milyard dollar qiymətləndirilir. Bunu həyata keçirmək üçün paritet əsasda Britaniya BP-si ilə ortaq müəssisə yaratmaq planlaşdırılır.
“SOCAR Turkey“ və BP bu istehsal rentabelli olmasa, milyardlarla dollar dəyərində belə yeni bir zavod tikməyə başlayardılarmı?
SOCAR təkcə Türkiyədə tanınmır. Öz “istefasından” xəbərsiz olan Rövnəq Abdullayev həmin gün Əfqanıstanın Ticarət və Sənaye naziri Acmal Əhmədi ilə neft və qaz sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdi. Əfqanıstan tərəfi ARDNŞ ilə yanacağın alınması sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirdi.
Qeyd edildi ki, Azərbaycan Əfqanıstanın yanacaq bazarına neft məhsullarının çatdırılmasında əhəmiyyətli mövqe tutur. O, yanacağın idxalının diversifikasiyasında maraqlıdır və SOCAR-la əməkdaşlığı yeni səviyyəyə qaldırmağa hazırdır.
Bundan bir qədər əvvəl R.Abdullayev Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiyalar naziri Andreas Reyxhardla görüşü zamanı SOCAR-ın Avstriyada A1 şirkətindən aldığı 82 yanacaqdoldurma məntəqəsinin rebrendinqini yaxın vaxtlarda başa çatdırmağı planlaşdırdığını açıqlamışdı.
Və Avstriyanın yanacaq-enerji bazarında iştirakını genişləndirməkdə maraqlı olduğunu bildirmişdi.
Avstriya tərəfi isə Azərbaycanın kimya sənayesi sektoruna maraq göstərdiyini və bu sahəyə investisiya qoymağa hazır olduğunu bəyan etmişdi.
Üstəlik, bu arada “SOCAR Capital” bildirdi ki, Dövlət Neft Şirkəti 17 oktyabrda ARDNŞ istiqrazlarının sahiblərinə faiz olaraq 1,25 milyon dollar məbləğində 12-ci ödəniş edəcək.
2016-cı ilin sentyabr ayında şirkət maliyyə kanallarını şaxələndirmək və əhali üçün yeni investisiya imkanları yaratmaq məqsədilə daxili bazarda 100 milyon dollar dəyərində ilk istiqraz buraxılışını həyata keçirdi. Və 1,25 milyon dollar sadəcə istiqraz sahiblərinin alacağı faizdir.
Bu, SOCAR istiqrazlarının sayca 12-ci, 2019-cu il üçün isə dördüncü faiz ödənişi olacaq (Faizlərin ödənilməsi üç ayda bir dəfə həyata keçirilir). Artıq bütün məbləğ, bir səhm üçün 12,5 dollar hesablanmaqla, Mərkəzi Bankdakı Milli Depozit hesabına köçürülüb.
Mövcud ödəniş nəzərə alınmaqla, SOCAR istiqrazlarının sahibləri 15 milyon dollar qazanacaqlar. İstiqrazlar üzrə illik gəlir 5 faiz təşkil edir.
Bir daha oxucuların diqqətini vacib bir həqiqətə cəlb etmək istəyirik: bunların hamısı bir günün hadisələridir.
Bir çox dövlət şirkətləri var ki, media ayda bir dəfə belə yada salmır. Onların həyata keçirdikləri işin maliyyə, istehsal miqyası və sosial əhəmiyyəti barədə isə danışmağa dəyməz.
Bəlkə, məkrli, paxıl insanların dinc yatmasına bu imkan vermir və onları ölkədəki bir nömrəli şirkətin fəaliyyətini və rəhbərliyini ləkələmək üçün necə olur-olsun, hər cür şayiələr yaymağa məcbur edir?
Əlbəttə ki, əgər bu, bəzi daxili qüvvələrin fəaliyyətinin məhsuludursa... İstisna deyil ki, şayiələrin mənbəyi həm də ölkə xaricində ola bilər - düşmənlər və paxıl insanlar hər yerdədirlər. Ancaq istənilən halda, əgər əksinə şəhadət verən çoxsaylı rəsmi faktlar varsa, təsdiqlənməmiş və sübut olunmamış faktlara fikir vermək lazım deyil.
"Avstriya" teqi üzrə xəbərlər
- Avstriya vətənlərinə qayıtmaq istəyən suriyalılara 1000 avro ödəyəcək
- Avstriya məktəbində mumiyalanmış uşaq meyiti aşkarlandı
- Avstriyada Motsartın adına şokolad istehsal edən zavod bağlanıb
- Avstriyada şəhər meri güllələndi
- "Coca-Cola" onmilyonlarla şüşəni geri çağırır - Tərkibində təhlükəli hissəciklər var