Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Torpaq sahələrindən necə düzgün istifadə etmək lazımdır?
Bəzən torpaq sahibləri, ondan istifadə edənlər, eləcə də icarəçilərin kifayət qədər məlumatlı olmaması müxtəlif kateqoriyalara aid torpaqların bilərəkdən təyinatından kənar istifadəsinə səbəb olur. Nəticədə torpağa zərər dəyir və səmərəsi azalır. Odur ki, torpaqların təyinatına uyğun istifadəsi vacib məsələlərdəndir ki, bu həm də qanunvericiliklə nəzərdə tutulur. Bu baxımdan, növündən asılı olmayaraq torpaq sahəsi səmərəli və məqsədli şəkildə istifadə olunmalıdır. Çünki torpaqların münbitliyinin qorunması və yararlı formada saxlanması üçün təyinatı üzrə düzgün istifadəsi əsas şərtdir. Bunun üçün hər kəs sahib olduğu və ya istifadə etdiyi torpağın hansı təyinata aid olduğunu bilməli və bu yöndə istifadə etməlidir.
Ölkəmizdə mövcud olan torpaq sahələri məqsədli təyinat və hüquqi rejiminə uyğun olaraq 7 kateqoriyaya ayrılır. Bunlara kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu, su fondu və ehtiyat fondu torpaqları aiddir.
Haqqında danışdığım kənd təsərrüfatı təyinatlı torpaqlar Torpaq Məcəlləsinə əsasən, kənd təsərrüfatı ilə bağlı ehtiyaclar üçün nəzərdə tutulub. Belə torpaqlarda kənd təsərrüfatı məhsulları istehsal olunur. Əkin, çoxillik əkmələrin altında olan, dincə qoyulmuş torpaqlardan əkinçilik məqsədilə, örüş, otlaq və biçənək sahələrindən isə heyvandarlıq məqsədilə istifadə oluna bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlara sahib olanların bilməsi zəruri olan məsələ ondan ibarətdir ki, belə sahələrdə bu təsərrüfatın səmərəli təşkil edilməsi üçün müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiya, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Əsaslı tikinti işlərinin aparılmasına dair tələblər isə "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli Qanunu ilə müəyyən edilib. Yeni dəyişikliyə əsasən, yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulan tikililər inşa edilə və quraşdırıla bilər. Qanunvericilikdəki bu dəyişiklik 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Lakin təəssüf doğuran məqam odur ki, aparılan reyd və monitorinqlər zamanı kənd təsərrüfatı təyinatlı torpaqların öz təyinatından kənar məqsədlər üçün istifadə olunduğu, həmin torpaqlarda özbaşına tikinti işlərinin aparılması, fərdi yaşayış evlərinin, obyektlərin tikintisinə rast gəlinir. Bu da öz növbəsində torpaqların xüsusi ilə üst münbit qatının korlanmasına, dolayısı ilə məhsuldarlığın azalmasına və kənd təsərrüfatı dövriyyəsindən çıxmasına səbəb olur. Bu baxımdan, kənd təsərrüfatı təyinatlı torpaqlardan qeyri-qanuni formada istifadənin qarşısını almaq üçün məsuliyyət tədbirləri də nəzərdə tutulur. Belə ki, sözügedən hallar aşkarlandığı zaman İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinə görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilirlər. Kənd təsərrüfatı ilə bağlı olan torpaq sahəsinin qanunla müəyyən edilən mülkiyyət, istifadə və ya icarə hüququ olmadan hasarlaması, becərilməsi və ya dəyişdirilməsi, yaxud həmin torpaq sahəsinin başqa üsullarla özbaşına tutulması, eləcə də torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərinin aparılması kimi hallara görə isə Cinayət Məcəlləsinin 188-ci maddəsinə uyğun olaraq 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.
Qeyd edək ki, ölkəmizdə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir.
Aqil Vəlili
"Kənd Təsərrüfatı" teqi üzrə xəbərlər
- Kənd təsərrüfatına ayrılması nəzərdə tutulan vəsaitin həcmi 30 milyon manatdan çox artırılır
- 86 milyon manatdan artıq pul vəsaitini ölkəyə qaytarmayan vəzifəli şəxslər HƏBS OLUNDULAR
- Məcnun Məmmədov: "Kənd təsərrüfatı qlobal miqyasda mühüm sektordur"
- İsmahane Elouafi: "Bugünkü sessiya fərq yaradan elm və innovasiyaları vurğulamaq üçün bir fürsətdir"
- Şotlandiyanın nümayəndəsi: "Borclarımızın bir qismini qalıq yanacaq hasilatı yolu ilə ödəyirik"