Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr öz yurdlarına qovuşublar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, bu gün Xocavənd şəhərinə 33 ailə olmaqla 135 nəfər, Qırmızı Bazar qəsəbəsinə 9 ailə olmaqla 44 nəfər, Quzeyxırman kəndinə 8 ailə olmaqla 41 nəfər köçürülüb.
Köçürülən sakinlərin məskunlaşması üçün yaşayış yerlərində lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.
Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.
Xocavənd şəhərində 135 nəfərdən ibarət 33 ailəyə, Qırmızı Bazar qəsəbəsində 44 nəfərdən ibarət 9 ailəyə, Quzeyxırman kəndində isə 41 nəfərdən ibarət 8 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Oxu.Az xəbər verir ki, sentyabrın 15-də Bakıdan Xocavənd rayonunun Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə keçmiş məcburi köçkünlərin növbəti qrupu yola salınıb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocavənd şəhərinə 33 ailə - 135 nəfər, Qırmızı Bazar qəsəbəsinə 9 ailə - 44 nəfər, Quzeyxırman kəndinə isə 8 ailə - 41 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.