"İlk dəfədir ki, bir xarici dövlət qurumu ilə Anlaşma memarandumu imzalanır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BTQ ilə Burkina-Faso Xarici İşlər Nazirliyinin "Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu" arasında əməkdaşlığa dair imzalanmış Anlaşma memorandumundan sonra mətbuat konfransında deyib.
O bildirib ki, "Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu" 2015-2016-cı illərdən diplomatik akademiya olaraq fəaliyyət göstərir:
"İndi isə artıq dövlət institutuna çevrilib. Hazırda da Burkina-Fasoda, bu institutda diplomatlar üçün təlimlər həyata keçirilir. Biz ilkin olaraq plan üzrə bu il müəyyən təlimləri birgə həyata keçirəcəyik, müəyyən hesabatlar hazırlanacaq və gələcəkdə dekolonizasiya prosesinə qoşulmaq istəyən hüquqşünaslar, beynəlxalq ekspertlər və xarici tələbələri öz təlimlərimizə dəvət edəcəyik".
A.Abbasov deyib ki, növbəti mərhələlərdə bu fəaliyyət genişlənə bilər və bunu da qeyd etmək istərdim ki, biz bu anlaşma memorandumuyla digər Afrika ölkələrini də əməkdaşlığa cəlb edə bilərik:
"Nəinki dövlət qurumları, vətəndaş cəmiyyətləri ilə də memorandum imzalamağı planlaşdırırıq".
A.Abbasov onu da qeyd edib ki, BTQ-yə əməkdaşlığa dair yeni təkliflər var.
O bildirib ki, bu müəyyən mərhələlərdən keçməlidir:
"Əgər əməkdaşlığa zərurət varsa, nəticələr olacaqsa, biz sənədləri imzalayacağıq. Bu günə qədər hərəkatlarla, siyasi partiyalarla imzalamışıq".