Parlamentin sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqini nəzərdə tutan qanun layihəsini üçüncü oxunuşda qəbul etməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Xüsusilə valideynlər arasında qanun layihəsinə münasibət birmənalı deyil. Bir tərəf bu addımı uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi baxımından zəruri hesab edirsə, digər tərəf yaşın müəyyənləşdirilməsi mexanizmi və şəxsi məlumatların qorunması ilə bağlı sualların hələ də açıq qaldığını bildirir.
Yeni tənzimləmələrin əsas məqsədi uşaqların sosial şəbəkələrdə qarşılaşdığı riskləri azaltmaq, onları yaşlarına uyğun olmayan məzmunlardan, kibertəhdidlərdən və onlayn zorakılıqdan qorumaqdır. Bu yanaşma dünyanın bir sıra ölkələrində artıq tətbiq edilən rəqəmsal təhlükəsizlik siyasətinin tərkib hissəsi hesab olunur.
Oxu.Az-a açıqlama verən İKT üzrə ekspert Asim Namazovun sözlərinə görə, son dəyişikliklər sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdırmaq deyil, uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşdırmaq məqsədi daşıyır.

Ekspert bildirib ki, müasir dövrdə uşaqlar internet və sosial şəbəkələrlə çox erkən yaşlardan tanış olurlar. Lakin onların rəqəmsal savadlılığı və internetdəki riskləri düzgün qiymətləndirmə bacarığı hələ tam formalaşmadığından müxtəlif təhlükələr qarşısında daha həssas olurlar.
"Bu dəyişikliklər hər hansı platformaya məhdudiyyət qoymaq məqsədi daşımır. Əksinə, əsas hədəf uşaqların yaşına uyğun olmayan məzmunlardan, kibertəhdidlərdən, onlayn zorakılıqdan, şəxsi məlumatların sui-istifadəsindən və rəqəmsal asılılıq kimi risklərdən daha effektiv qorunmasıdır.
Bu gün uşaqlar internetdən və sosial şəbəkələrdən çox erkən yaşlardan istifadə etməyə başlayırlar. Lakin onların rəqəmsal savadlılıq səviyyəsi və təhlükələri qiymətləndirmə bacarığı hələ tam formalaşmadığından, onlar müxtəlif kiberhücumlara, saxta profillərə, manipulyativ məzmunlara və digər təhlükələrə qarşı daha həssas olurlar. Məhz bu səbəbdən bir çox ölkələrdə uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı xüsusi tənzimləmələr tətbiq edilir", - deyə A.Namazov bildirib.
Ekspert vurğulayıb ki, yeni qanunvericiliyə əsasən, 16 yaşdan kiçik şəxslərin yaş məhdudiyyəti tətbiq olunan sosial şəbəkələrdə fərdi hesab açmasına icazə verilməyəcək.
"Qanunvericiliyə edilən dəyişikliklər də məhz bu beynəlxalq yanaşmaya uyğun olaraq hazırlanıb. 16 yaşdan kiçik şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkələrdə fərdi hesab açmasının qadağan edilməsi uşaqların erkən yaşda nəzarətsiz rəqəmsal mühitə daxil olmasının qarşısını almağa xidmət edir. Eyni zamanda, 16-18 yaş arası yeniyetmələr üçün valideyn razılığı mexanizminin tətbiqi ailənin rəqəmsal təhlükəsizlik prosesində rolunu gücləndirir.
Burada vacib məqamlardan biri də valideyn məsuliyyətidir. Artıq valideynlərin rolu yalnız övladına texniki cihaz almaqla məhdudlaşmır. Onlar övladlarının hansı platformalardan istifadə etdiyini, hansı məzmunlarla qarşılaşdığını və rəqəmsal davranışlarını izləmək və istiqamətləndirmək baxımından daha aktiv mövqe tutmalıdırlar. Bu yanaşma uşaqlarla valideynlər arasında rəqəmsal təhlükəsizlik mövzusunda daha açıq ünsiyyətin formalaşmasına da töhfə verəcək.
Digər mühüm məqam isə sosial şəbəkə platformalarının üzərinə qoyulan yeni öhdəliklərdir. Rəqəmsal təhlükəsizlik yalnız istifadəçi və ya valideyn məsuliyyəti ilə təmin edilə bilməz. Platformalar da yaşın yoxlanılması, uşaqların təhlükəsizliyinə yönəlmiş qoruyucu mexanizmlərin tətbiqi, məxfiliyin gücləndirilməsi və zərərli məzmunların qarşısının alınması istiqamətində daha məsuliyyətli davranmalıdırlar.
Ümumilikdə, bu dəyişikliklər rəqəmsal mühitdə uşaqların hüquq və təhlükəsizliyinin qorunmasına yönəlmiş preventiv addım kimi qiymətləndirilə bilər. Rəqəmsallaşmanın sürətlə artdığı dövrdə uşaqların onlayn təhlükəsizliyinin təmin edilməsi artıq yalnız texnoloji deyil, həm də hüquqi və sosial məsuliyyət məsələsidir. Yeni tənzimləmələr dövlət, valideyn və platformalar arasında ortaq məsuliyyət modelini formalaşdıraraq daha təhlükəsiz rəqəmsal ekosistemin yaradılmasına xidmət edir", - deyə mütəxəssis vurğulayıb.