Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Rusiya taxılı ilə yanaşı Qazaxıstan taxılının da Azərbaycan ərazisi ilə ölkəyə tədarük ediləcəyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə nazir özünün "Facebook" səhifəsində yazıb.
"Əziz həmvətənlər, daha bir şad xəbərim var. Bu dəqiqələrdə Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə Rusiya mənşəli buğda daşınır.
Onu da qeyd edim ki, Qazaxıstan mənşəli buğda da yoldadır və yaxın günlərdə yenə Azərbaycan ərazisindən keçərək Ermənistana çatacaq", - Papoyan qeyd edib.
Prezident İlham Əliyevin Qazaxıstanda verdiyi bəyanata uyğun olaraq, Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana gedib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, noyabrın 4-də saat 00:15-də Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1 048 ton 800 kq olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınıb.
Qeyd edək ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.