Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Cəbrayıl sakini: "Olmazın çətinliklərini çəkdik, amma o günlər geridə qaldı"
"14 yaşında çıxdığım doğma yurduma dörd uşaqla qayıdıram".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Elçin Misirxanov deyib.
O bildirib ki, ömrünün ən gözəl anlarını - uşaqlığını Cəbrayılda keçirib:
"İnsanın ən gözəl günləri, anları onun uşaqlığıdır. Mən ən gözəl çağlarımı Cəbrayılda keçirdim. Oranın hər küçəsi, hər qarışı mənə doğmadır. Sonra köçkün həyatı yaşadıq, dəfələrlə yer dəyişdik. Bəzən kirayədə yaşadıq, bəzən yataqxanada, olmazın çətinlik çəkdik. Amma bu gün o çətinliklər geridə qalıb. Artıq mən uşaqlığıma, Cəbrayılıma qovuşuram. 14 yaşında çıxdığım yurduma dörd övladla qayıdıram.
Orada mənə ixtisasıma uyğun işlər də təklif edilib. Düşünürəm ki, işsiz də qalmaram. Hər şeyin yaxşı olacağına inanıram.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə 49 ailə (253 nəfər) öz doğma yurduna köçürülür. Bununla da Cəbrayıl şəhərində ümumilikdə 287 ailənin (1169 nəfərin) məskunlaşması təmin edilib.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan bərpa-quruculuq layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Rövşən Əsədov
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Cəbrayılda daha 49 ailəyə evlərin açarları təqdim olunub
- Keçmiş məcburi köçkün: "Cəbrayıl bizim üçün həssas nöqtədir"
- Şuşaya köçürülən sakinlərə mənzillərinin açarları təqdim edilib
- Vüqar Məmmədov: "Şuşaya çatan kimi birinci şəhidlərimizin məzarını ziyarət edəcəyəm"
- Şuşa sakini: "Biz Cıdır düzündə gözləyəndə xəbər gəldi ki, vertolyotu Kərkicahan üzərində vurublar"