"Köhnə dostum, səfir Paşayevi görmək mənim üçün çox xoşdur. Mən 1994-cü ilin avqustunda ABŞ-də "yeni müstəqil dövlətlər" üzrə işləməyə başlayanda o artıq Vaşinqtonda bir institut səviyyəsində tanınan şəxs idi. Səfir Paşayevin adını çəkdiyi iki amerikalı - Zbiqnev Bjezinski və Fred Starr hələ 30 il əvvəl belə, çox az amerikalının dərk etdiyi bir həqiqəti çox yaxşı başa düşürdülər: ABŞ-nin Cənubi Qafqaz və Mərkəzi Asiyadakı maraqları nədən ibarət olduğunu".
Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumunda Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya Şöbəsinin Baş direktoru Con Herbst deyib.
O bildirib ki, ilk dəfə keçirilən ABŞ-Mərkəzi Asiya "C5+1" görüşündən cəmi iki həftə sonra forumun keçirilməsi təsadüfi deyil:
"Prezident səviyyəsində keçirilən bu görüşlə administrasiya Mərkəzi Asiyanın prioritet olduğunu açıq şəkildə göstərdi.
Həmçinin təsadüfi deyil ki, biz beş Mərkəzi Asiya ölkəsinin Özbəkistanda keçirdiyi görüşdən cəmi bir həftə sonra buradayıq. Həmin görüşdə onlar artıq "beşlik" deyil, Azərbaycan da daxil edilməklə "6-lar qrupu" olmaq barədə qərar verdilər.
Prezident Donald Tramp özünü sülhməramlı hesab edir və açığı, bu, yanlış qiymətləndirmə deyil. O, artıq dünyanın doqquz "qaynar nöqtəsi"ndə sülh prosesinə uğurla töhfə verib. Onlardan biri də Cənubi Qafqazdır.
8 avqustda Ağ Evdə imzalanan sənəd təkcə sülhü yaratmaq üçün deyil, həm də möhkəmləndirmək üçündür".
Məhərrəm Əliyev