"Azərbaycan D-8-ə üzv ölkələrlə inteqrasiyada, resursların bölüşdürülməsində və nəqliyyat-logistika əməkdaşlığında fəal rol oynayan ölkələrdən biridir. Media, informasiya və kommunikasiya sahəsində də böyük potensiala malikdir. Cənab Prezidentin təşəbbüsü ilə media mərkəzinin Bakıda yaradılması və Media Forumunun keçirilməsi məhz bu əməkdaşlığın gücləndirilməsinə xidmət edir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, D-8 qlobal güclərdən biridir:
"Dünya əhalisinin ümumi 13, İslam ölkələrinin isə 60%-i D-8-ə üzv olan ölkələrdə yaşayır. Bu təşkilatın təsir imkanları kifayət qədər genişdir. Üzv ölkələrin ticarət dövriyyəsi təxminən 35 milyard dollardır. Sözügedən ölkələrin ümumi nominal ÜDM-i artıq 5 trilyon dollara yaxındır. Bu isə praktik olaraq həmin ölkələrin kifayət qədər iqtisadi gücə və eyni zamanda böyük potensiala malik olduğunu göstərir.
Bir tərəfdən, əhali baxımından nüfuzları yüksəkdir, digər tərəfdən isə bu, nəticə etibarilə iqtisadi güc və proseslərə təsir imkanları deməkdir. D-8-ə üzv olan ölkələrin əksəriyyətində iqtisadi artım templəri yüksəkdir və bu da onların iqtisadi baxımdan daha da güclənməsinə şərait yaradır.
Azərbaycan D-8-ə üzv ölkələrlə inteqrasiyada, resursların bölüşdürülməsində və nəqliyyat-logistika əməkdaşlığında fəal rol oynayan ölkələrdən biridir. Media, informasiya və kommunikasiya sahəsində də böyük potensiala malikdir. Cənab Prezidentin təşəbbüsü ilə media mərkəzinin Bakıda yaradılması və Media Forumunun keçirilməsi, məhz bu əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Bu, qlobal məsələlərin koordinasiyası baxımından da mühüm addımdır".
O əlavə edib ki, Azərbaycanın çoxvektorlu siyasəti çərçivəsində D-8 üzvü olan ölkələrlə əlaqələrin inkişafı ölkəmizə bu platformada daha fəal iştirak imkanı verir:
"Azərbaycan regionun orta gücə malik ölkəsidir, bu da onun beynəlxalq platformalarda töhfə vermək imkanlarını daha da genişləndirir.
D-8 çərçivəsində Azərbaycanın rolu yalnız iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Təşkilat üzvü ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və texnoloji transferin təşviqi ölkəmizin strateji maraqlarına uyğun gəlir.
Nəticə etibarilə, D-8 çərçivəsində Azərbaycanın mövqeyi onun həm iqtisadi, həm siyasi, həm də mədəni sahələrdə təsirini artırır. Bu platforma üzv ölkələr üçün qarşılıqlı fayda təmin etməklə yanaşı, Azərbaycan üçün də strateji əhəmiyyət kəsb edir və onun qlobal gündəmdə daha fəal iştirakına şərait yaradır".
Məhərrəm Əliyev