Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Davos Qarabağ münaqişəsinin həllini sürətləndirəcəkmi? - RƏY
Davos Dünya İqtisadi Forumu qlobal və regional səviyyədə dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün strateji platforma hesab olunur.
Bunun əsas səbəbi iqtisadi və siyasi sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq və regional səviyyəli təşkilatların rəhbərləri ilə interaktiv dialoqların və qeyri-rəsmi danışıqlar üçün əlverişli mühitin təşkil olunmasıdır.
Forum çoxsaylı mövzular üzrə sessiyalardan ibarət olur və bu sessiyaların əksəriyyəti geniş miqyasda izlənilməsi üçün müxtəlif transmilli media qurumları tərəfindən birbaşa nümayiş etdirilir.
Forum müddətində transmilli korporasiyaların rəhbərləri ilə dialoqların qurulması və müxtəlif ölkələrin hökumət nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi üçün əlverişli imkanlar yaradılır.
Oxu.Az xəbər verir ki, bunu millət vəkili Hikmət Babaoğlu bildirib.
Deputat deyib ki, Azərbaycanın Davos Forumunda uğurla təmsil olunması ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası, beynəlxalq iqtisadi və siyasi əlaqələrinin genişləndirilməsi baxımından xüsusi önəm kəsb edir:
“Azərbaycan prezidenti İlham Əliyev Forumda müxtəlif televiziya kanallarına müsahibəsi və müzakirələrdə çıxışı zamanı həm ölkəmiz, həm də region və dünya üçün müstəsna əhəmiyyətə malik olan çox mühüm məsələlərlə bağlı fikirlər söyləyib.
Eyni zamanda, Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq nüfuzu və ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi islahatların əhəmiyyəti diqqətə çatdırılıb. Prezident İlham Əliyevin Davosda transmilli şirkətlərin təsisçiləri və sədrləri ilə bir sıra mühüm görüşlər keçirməsi də Azərbaycanın əməkdaşlıq əlaqələrinin inkişafı kontekstində böyük əhəmiyyətə malikdir.
Şübhəsiz ki, bütün bunlar Forum iştirakçılarında Azərbaycan iqtisadiyyatı və ölkəmizin iqtisadi siyasəti barədə real təsəvvür yaratmaqla əməkdaşlıq üçün yeni perspektivlərin açılacağından xəbər verir.
Prezidentin xeyli sayda görüşlər keçirməsi dünyanın ölkəmizə olan diqqətinin göstəricisidir və yeni tərəfdaşlıqların əsasının qoyulmasına zəmin yaradır”.
Millət vəkili həmçinin bildirib ki, Azərbaycanın xarici siyasətinin ən mühüm strateji prioriteti Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, yəni, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir:
“Bunun üçün Azərbaycan ötən illər ərzində mühüm, dərin strateji diplomatiya siyasəti həyata keçirməklə, ilk növbədə, problemin həlli ilə bağlı yeni şərtlər formalaşdırmağa nail olub.
Bu şərtlərin formalaşdırılması mühüm strateji istiqamətlər üzrə müəyyən edilmiş ardıcıl və məqsədyönlü siyasət sayəsində mümkün olub. İlk növbədə, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılması, regional və beynəlxalq təşkilatlarla ölkəmizin bərabərhüquqlu tərəfdaşlığa nail olması, ikincisi isə, regionda ermənilərlə ənənəvi əlaqələri olan və daha çox Ermənistanın tərəfdaşı kimi tanınan ölkələri öz tərəfdaşına çevirməsi siyasəti həyata keçirilib.
Eyni zamanda, Azərbaycan regional əməkdaşlığı prinsipial mövqe olaraq müəyyənləşdirməklə tərəfdaş ölkələrin milli maraqlarını da öz milli maraqları ilə uzlaşdırmağı bacarıb.
Hazırda Ermənistan həm regionda, həm də beynəlxalq aləmdə Azərbaycanın nüfuzu qarşısında küncə sıxışdırılmış vəziyyətə düşüb, ənənəvi müttəfiqlərini də itirib. Azərbaycan prezidentinin də dediyi kimi, Azərbaycan işğalçı Ermənistana qarşı təcrid siyasətini uğurla davam etdirib və işğal faktı davam etdikcə həmin siyasəti davam etdirəcəyik.
Yeni reallıq və Ermənistanın bu cür küncə sıxışdırılması onun öz ənənəvi müttəfiqləri ilə münasibətlərinin korlanmasına gətirib çıxarıb ki, ötən ilin aprelində başlayıb dekabr ayında sona çatan hadisələrdə biz bir daha bunun şahidi olduq.
Ona görə də Azərbaycan 2019-cu ilə yeni yaratdığı geosiyasi reallıqlarla qədəm qoyub. Bu reallıqlar ölkəmizin lehinədir və Qarabağ probleminin həllində yeni perspektivlər yaradır. Elə Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin təşəbbüsü ilə İlham Əliyevin və Ermənistanın baş nazirinin Davosda görüşməsini də bu perspektivlər kontekstində qiymətləndirmək lazımdır.
Artıq qeyri-rəsmi formatda belə görüş Sankt-Peterburqda və Düşənbədə baş tutub. Davos görüşü isə bir qədər daha fərqli formada, vasitəçilərin iştirakı olmadan baş tutdu. Bu, özlüyündə müsbət hal olmaqla ilk dəfədir ki, baş verir.
Məsələ ondadır ki, İlham Əliyev 2019-cu ildə problemin həlli istiqamətində danışıqlara yeni impulsların daxil olacağı barədə fikirlər səsləndirmişdi.
2019-cu ildə həmsədrlərin iştirakı ilə xarici işlər nazirlərinin görüşməsi, bu görüşün 4 saat davam etməsi və bundan sonra BMT baş katibinin və Avropa İttifaqının bəyanatla çıxış edərək danışıqları müsbət qiymətləndirməsi özlüyündə yeni dinamikadır və müəyyən ümidlər yaradır...”
Millət vəkili Tahir Rzayev də hesab edir ki, Davos Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından geniş imkanlar yaradır.
T.Rzayev bildirib ki, Qarabağ problemi də bu platforma vasitəsilə dünya birliyinə çaıdırılır.
Onun sözlərinə görə, Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidentinin Ermənistanın baş naziri ilə görüşü bu baxımdan önəmlidir:
“Münaqişə tərəfləri arasında ən yüksək səviyyədə təmasların yaranması problemin həlli ilə bağlı Azərbaycanın maraqlarına cavab verə biləcək qərarın qəbulu üçün şərait yaradır.
Belə ki, ölkə prezidenti tərəfindən Azərbaycanın qəti mövqeyinin səsləndirilməsi hesab edirəm ki, bütövlükdə danışıqlar prosesinin xarakterinə ciddi təsir göstərir.
Bu baxımdan Davosdakı görüş münaqişənin tənzimlənməsi istiqamətində ali səviyyədə təmasların davam etdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilməlidir. Digər tərəfdən isə Ermənistanın yeni hakimiyyəti Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu, potensialını bir daha görür.
Yəni nəzərə almaq lazımdır ki, Davos İqtisadi Forumunda xüsusilə diqqət mərkəzində olan iştirakçılardan biri də məhz Azərbaycan olub. Azərbaycan bu gün regionun nəqliyyat, kommunikasiyasını müəyyənləşdirən bir dövlətdir. Azərbaycan Böyük İpək Yolunun bərpasına ən ciddi töhfə verən bir ölkədir.
Halbuki Ermənistanın bu istiqamətdə hər hansı bir fəaliyyətini qeyd etmək mümkün deyildir. Hesab edirəm ki, bütün bunlar işğalçı dövlətin də diqqətindən kənarda qalmayıb.
Düşünürəm ki, Davos İqtisadi Forumu çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ətrafında müəyyən müzakirələrin aparılması ümumilikdə münaqişənin tənzimlənməsi istiqamətində müəyyən irəliləyişlərə gətirib çıxara bilər”.
Kamil HƏMZƏOĞLU