Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Deputat: "Adi soyuqdəyməyə, hansısa xırda patologiyaya görə xəstəxanaya müraciət edirlər"
Hazırda Azərbaycanda demək olar ki, xəstəxana və poliklinikalarda sıxlıq yaşanır. Bu sıxlığı aradan qaldırmaq üçün səhiyyə sistemində bir müddət əvvəl elektron növbənin tətbiqinə başlanıldı. Lakin ötən dövrdə bir milyona yaxın insan "e-Tabib" tətbiqini yükləsə də, bundan istədiyi qədər faydalana bilmir. Çünki elektron növbə yalnız 2 tibb müəssisəsində tətbiq edilib.
Bu da, təbii ki, haqlı narazılıq və narahatlıq yaradır.
Oxu.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.media-ya danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyir ki, "e-Tabib" proqramının geniş şəkildə tətbiqi heç də asan məsələ deyil:
"Bunun üçün yeni avadanlıqlar və tətbiqlər lazımdır. Ən əsası bu proqramın geniş auditoriyada tətbiqi üçün güclü maliyyə vəsaiti gərəkdir. Bildiyim qədəri ilə Bakıdakı "Yeni Klinika"da və Abşeron rayonunda bir tibb müəssisəsində elektron növbə tətbiq edilir.
Həm lazım olan avadanlıqların, həm də lazım olan proqramların yazılmasının qiyməti kifayət qədər böyük rəqəmdir. Ona görə də bütün tibb müəssisələrində elektron növbənin tətbiqi zaman alacaq. Bəli, mən də hesab edirəm ki, bu prosesi sürətləndirmək lazımdır. Qısa zamanda proses başa çatdırılmalıdır. Amma bu ləngimənin obyektiv səbəblər var".
Müsahib hesab edir ki, tibb müəssisələrində növbə sıxlığı elektron növbə ilə aradan qalxmayacaq:
"Növbə sıxlığını azaltmaq üçün ilk növbədə xidmətlərin şaxələndirilməsinə, özəl sektorun bu məsələyə daha aktiv şəkildə qoşulmasına nail olmalıyıq. İlkin tibbi xidməti gücləndirməliyik. Bəzən insanlar adi soyuqdəyməyə, hansısa xırda patologiyaya görə xəstəxanaya müraciət edirlər. Halbuki ilkin tibbi xidmətdə bu məsələ öz həllini tapa bilər. Bax, bu cür məsələlər öz həllini tapsa, həm növbə sıxlığı aradan qalxar, həm də elektron növbədən səmərəli istifadə edilə bilər".
"Milli Məclis" teqi üzrə xəbərlər
- Cavanşir Paşazadə: "Pay torpaqlarında tikilən evlərlə bağlı problem var"
- Vüqar İsgəndərov: "Elektronlaşma həm dövlətin, həm də iş adamlarının işini sadələşdirir"
- Miras şərikləri vərəsəlik şəhadətnaməsi ala biləcəklər
- Vərəsələr hansı halda məsuliyyət daşıyacaqlar?
- Mirasdan imtina etməmək mirasın qəbulu sayılacaq