"1993-cü ilin iyun ayında Azərbaycanda çox fəlakətli bir vəziyyət yaranmışdı. Dövlət müstəqilliyimizin bərpa edilməsindən iki il keçməsinə baxmayaraq, hakimiyyətə gələn siyasi komandalar vəziyyəti daha da ağırlaşdırmışdılar".
Bu fikirləri Oxu.Az-a millət vəkili Aydın Mirzəzadə 15 İyun - Qurtuluş Günü ilə bağlı tarixi faktlara toxunarkən deyib.
Onun sözlərinə görə, həmin dövrdə baş verən proseslər dövləti zəiflətməyə doğru gedirdi:
"Ermənistan-Azərbaycan cəbhə xəttində vəziyyət günü-gündən pisləşirdi. Əhalinin sosial vəziyyəti o qədər fəlakətli hal almışdı ki, deyiləsi deyil. 1993-cü ilin iyun ayında vətəndaş müharibəsi təhlükəsi yarandı. Bu prosesi dayandıran isə məhz Heydər Əliyev oldu. Azərbaycan xalqı özünün dəyərli oğlunu hakimiyyətə gətirdi və onun təcrübəsinə, idarəçilik bacarığına etimad göstərdi. Ulu öndər ilk növbədə vətəndaş müharibəsinin qarşısını aldı. Daha sonra atılan addımlarla dövlət aparatını gücləndirdi, Silahlı Qüvvələri faktiki olaraq yenidən qurdu. Beynəlxalq aləmdə Qarabağ məsələsinin mahiyyətini böyük dövlətlərin diqqətinə çatdıra bildi.
Əgər o dövrdə ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycandakı vəziyyət indi bəzi Şərq dövlətlərinin vəziyyətinə bənzər ola bilərdi.
Ən əsası - Azərbaycan cəmiyyətində yaranan milli birlik məhz ulu öndərin hakimiyyətə gəlməsi ilə bağlıdır. Parçalanmış xalq bir ideya, azərbaycançılıq ideyası ətrafında birləşərək, addım-addım öz problemlərini həll edə bildi".
Millət vəkili ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini çox böyük tarixi hadisə kimi qiymətləndirib:
"Sözün əsl mənasında bu, Milli Qurtuluş idi. 1994-cü ildə atəşkəs barədə razılıq əldə olunduqdan sonra addım-addım digər məsələlər də öz həllini tapdı. Artıq 1995-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi, 1996-cı ildən başlayaraq böyük özəlləşdirmənin həyata keçirilməsi atılan addımların mahiyyətinin nə qədər effektiv olduğunun əyani sübutudur. Torpaqların kəndlilərə paylanması, mətbuat üzərindən senzuranın götürülməsi, bir sıra demokratik dəyişikliklərin həyata keçirilməsi, məhkəmə sistemindəki struktur dəyişiklikləri nəzərəçarpacaq irəliləyişlər idi. Belə ki, ikipilləli məhkəmə sistemi dəyişikliklərdən sonra üçpilləli sistem kimi fəaliyyətini davam etdirdi. Avropa Şurasına qəbul olunmaq üçün ulu öndər bir-birinin ardınca çox ciddi demokratik dəyişikliklər etmişdi. Bütün bunların hamısı Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycanın təbii sərvətlərinin xalqımıza xidmət etməsi üçün böyük işlər gördü. Xalq da ulu öndərin fəaliyyətinə yüksək qiymət verdi.
Bu gün Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini əziz tutur. Onun fəaliyyətinin xalqın, dövlətin taleyində necə böyük rol oynadığını hər kəs görür, bilir. Nə qədər ki Azərbaycan xalqı var, Heydər Əliyevin siyasi kursu, onun hakimiyyəti dövründə xalqın mənafeyi naminə atdığı addımlar unudulmayacaq.
Ulu öndərin siyasi kursu bu gün onun oğlu, ölkə başçımız İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan xalqının toparlanaraq torpaqlarını işğaldan azad etməsinə şərait yaradan da ulu öndərin təməlini qoyduğu siyasi kursun uğurla davam etdirilməsi oldu. İqtisadiyyatımıza, qeyri-neft sektorunun inkişafına böyük diqqət ayrıldı. Eləcə də sosial məsələlərin həlli üçün zəruri işlər görüldü.
Diqqət etsəniz, bu gün regionların inkişafı paytaxtdakı inkişafdan sürətli gedir. Hər il yüzminlərlə yeni iş yerləri açılır. Səhiyyə, mədəniyyət, təhsil sektorunda nəzərəçarpacaq dərəcədə dəyişikliklər baş verir. Bütün bunların hamısı xalqımızın böyük potensialından, zəngin mədəniyyətindən xəbər verir. Hələ o dövrdə ulu öndər uzaqgörən siyasəti nəticəsində bunları gördü və proseslərin xalqın müstəqilliyinə faydalı olması üçün münbit şərait yaratdı. O mənada Heydər Əliyev özü Azərbaycan xalqı üçün şərəfli bir tarixdir. Odur ki, hər il 15 iyun tarixində xalq olaraq ulu öndərin gördüyü işləri yada salaraq, ona minnətdar olmalı, xatirəsini əziz tutmalıyıq".
Könül Cəfərli