Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Deputat: "Naxçıvan sakinlərinin təbii yanacaq probleminə birdəfəlik son qoyulacaq"
"Bu gün dünyada yeni geosiyasi nizamın formalaşdığı bir zamanda Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı inkişaf etdirmək regionun gələcək təhlükəsizliyi, stabilliyi baxımından olduqca əhəmiyyətlidir. İki qardaş ölkə arasında tarixi bağlar çox sıxdır. Bu əlaqələr həm Ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev tərəfindən sürətlə inkişaf etdirilib və bu gün də öz dinamikasını qoruyub saxlayır. Bölgədə regional gücə, Qafqazın lider ölkəsinə çevrildikdən sonra, Azərbaycanla bütün ölkələr kimi qardaş Türkiyənin də iqtisadi əlaqələri və siyasi-hərbi sahədəki əməkdaşlığı daha da genişlənib. Türk Dövlətləri Təşkilatında da Azərbaycan və Türkiyə ən əsas ölkələr sayılır. Təşkilatın formalaşmasında hər iki ölkənin əvəzsiz rolu olub".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Millət vəkili bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi"nin təsdiq edilməsi və 25 sentyabr 2023-cü il tarixində təməli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulan Iğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasiminin keçirilməsi mühüm əhəmiyyət daşıyır:
"Beləliklə, bundan sonra Naxçıvan sakinlərinin təbii yanacaq probleminə birdəfəlik son qoyulacaq. Belə olan halda Azərbaycanla Türkiyə arasında enerji sektorunda baş verən yeni çağırışların müzakirəsi də diqqət mərkəzində olacaq".
Parlamentarinin sözlərinə görə, qloballaşan dünyada Orta Dəhlizin də əhəmiyyəti getdikcə artır. Qərbin Xəzərin və Mərkəzi Asiyanın enerji resurslarına marağı getdikcə ciddi şəkil alır:
"Ənənəvi marşrutların sıradan çıxması Avropanı düşünməyə vadar edib. Xəzər regionunun enerji daşıyıcılarının Rusiyadan yan keçməklə dünya bazarlarına çıxarılması ilə bağlı müzakirələr 1990-cı illərdən etibarən aparılmağa başlasa da, bu günədək yalnız Azərbaycanın neft və qaz ixrac boru kəmərləri vasitəsi ilə enerji nəqli həyata keçirilməkdədir. 2050-ci ilədək Avropa İttifaqı ölkələrinin ümumi enerji istehlakında azalma proqnozlaşdırılsa da, təbii qazın idxalında artım müşahidə olunmaqdadır. Hazırda Avropanın enerji təminatının alternativ mənbələr vasitəsilə təmin edilməsi və rəqabətli bazar şərtlərinin yaradılması, ittifaq üçün prioritet hesab edilməkdədir. Son illərdə imzalanmış anlaşmalara əsasən, Azərbaycan qazının TANAP və TAP qaz boru kəmərləri vasitəsilə Cənub Qaz Dəhlizinin bir hissəsi olaraq Qərb bazarlarına çatdırılması həyata keçirilir. Qazaxıstan və Özbəkistanın da layihədə mümkün iştirakı ilə Mərkəzi Asiya ölkələrindən illik təxminən 50 milyard kubmetr təbii qazın Avropaya nəqli həyata keçirilə bilər. 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında yekun Konvensiyanın imzalanması ilə Transxəzər qaz kəməri layihəsi yenidən gündəmə gəlib. Bu layihənin işə düşməsi Avropa enerji bazarında yeni konfiqurasiya yaradacaq".
"Bu baxımdan, budəfəki danışıqlarda da cari regional və qlobal hadisələr, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılması da əbəs deyil", - deyə A.Hüseynov fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Hökumətin hesabatı Milli Məclisə daxil olub
- Azər Badamov: "İğdır-Naxçıvan qaz boru xəttinin açılışı böyük əhəmiyyət daşıyan tarixi hadisədir"
- Azərbaycan-Türkiyə qardaşlığı: Tarixi dostluqdan strateji müttəfiqliyə gedən yol
- Azərbaycanda bir sıra müavinətlərdə ARTIM OLUB
- Bakıda Neft Emalı Zavodunun fəaliyyəti ilə bağlı iki ssenari var