Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Deputat: "Pakistanın baş nazirinin Bakıya səfəri əlaqələrin inkişafına yeni impuls verəcək"
"Azərbaycanın Pakistanla dostluğu və qardaşlığı tarixi köklərə söykənir. 1991-ci ildə azadlığa yenidən qovuşandan sonra Pakistan müstəqilliyimizi ilk tanıyan ölkələrdən olub. Üstəlik, Ermənistan torpaqlarımızı işğal etdiyi üçün Pakistan bu ölkəni dövlət kimi tanımır. 44 günlük Vətən müharibəsi dövründə də Pakistanın bir qardaş ölkə kimi siyasi və mənəvi dəstəyi qələbəmizə inamlı töhfə verdi".
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.
Onun sözlərinə görə, ölkələrimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, D8 və başqa beynəlxalq təşkilatlarda təmsil olunurlar:
"Biz beynəlxalq təşkilatlarda hər zaman bir-birimizin mövqeyini dəstəkləyən dost ölkələrik. Pakistan bütün beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Ermənistanın ərazilərimizin işğalının dayandırılmasını tələb edib. Müstəqilliyə yenidən qovuşandan sonra dövlət başçılarımız mütəmadi olaraq qarşılıqlı səfərlər edir və müxtəlif platformalarda ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparırlar".
"Ölkələrimiz strateji tərəfdaşdır. Keçən il Prezident İlham Əliyev Pakistana dövlət səfəri çərçivəsində xüsusi diqqətlə qəbul edilmişdi. Belə qəbullar hər dövlət başçısının şərəfinə təşkil edilmir. Bu, bizim bir-birimizə nə qədər yaxın və doğma olduğumuzun nümayişidir. Baş nazir Məhəmməd Şahbaz Şəriflə Prezident İlham Əliyev arasında ikitərəfli və geniş tərkibdə görüşlər keçirildi və bir sıra sənədlər imzalandı. Dövlət başçılarımızın mətbuata verdiyi açıqlamalarda Prezident İlham Əliyev Pakistana 2 milyard dollardan artıq sərmayənin yatırılmasına hazır olduğumuzu və bunun üçün tələb edilən məsələlərin bir ay ərzində müəyyən edilməsi üçün tapşırıqlar verildiyini bildirdi".
Deputat əlavə edib ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsi üçün potensial böyükdür və hökumətlərarası komissiyaların keçirdikləri mütəmadi görüşlərdə, biznes forumlarda ticari-iqtisadi münasibətlərin genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılır:
"Hökumətlərarası komissiyalarda və biznes forumlarda qarşılıqlı investisiya imkanları müzakirə olunur. Azərbaycan və Pakistan siyasi, iqtisadi, hərbi-müdafiə, humanitar və mədəni sahələrdə əməkdaşlıq edir. Azərbaycan Pakistanın çətin günlərində həmişə yanında olub. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mütəmadi olaraq pakistanlı qardaşlarımıza yardım edib. Ali məktəblərimiz arasında da əməkdaşlıq var və qarşılıqlı şəkildə ölkələrimizə həsr edilmiş kafedralar yaradılıb. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri çərçivəsində dövlət başçılarımız arasında aparılmış müzakirələr və imzalanmış sənədlər ölkələrarası əlaqələrin inkişafına yeni impuls verəcək. Bəli, Azərbaycan və Pakistanın dostluğu əbədi və sarsılmazdır".
Mərahim Nəsib