IV Şuşa Qlobal Media Forumu çərçivəsində "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" mövzusunda panel sessiya keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, müzakirədə ilk çıxış edən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibinin müavini Zhang Ling olub.
Onun sözlərinə görə, bu gün dünyada çağırışlar gündən-günə artır:
"Medianın bu çağırışlar fonunda vacib rolu var. Media cəmiyyətlə dövlət arasında mühüm rol oynayır. Söhbət sadəcə kommunikasiya alətlərindən getmir. Burada yeni nəsil diplomatiya anlayışı var. Media bu diplomatiya boşluğunda danışıqlar üçün rol da oynaya bilir".
AQEM rəsmisi bildirib ki, üzv dövlətlərin sayı artdıqca fikirlər üst-üstə düşməyə də bilər:
"Biz dialoqları üstün tuturuq. Daha böyük və çoxtərəfli platformalarda çıxış etməyə çalışırıq. Etimad olan yerdə əməkdaşlıq daha geniş yer alır".
İordaniya Haşimilər Krallığının Kommunikasiya Nazirliyinin Baş katibi Zaid Alnawaiseh deyib ki, informasiyaya çıxış əvvəllər çətin idisə, bu gün doğru informasiyanı ayırd etmək mürəkkəbləşib.
"Ola bilər ki, əsas sual artıq informasiyanın doğru olub-olmaması ilə bağlıdır. Belə bir şəraitdə etimad məsələsi daha çox önə çıxır. Etimad bir tərəfdən etibarlılıq, şəffaflıq, auditoriya mediasavdlı olduqda yaranır. Etimad informasiyanın istehsalçısı ilə onu qəbul edən arasında olmalıdır", - o qeyd edib.