Tacikistan Prezidenti Emoməli Rahmon MDB çərçivəsində nəqliyyat əlaqəliliyinin, ticari-iqtisadi və investisiya əməkdaşlığının inkişafının vacibliyini vurğulayıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Emoməli Rahmon MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, sənaye kooperasiyası, təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət, texnoloji əməkdaşlıq, rəqəmsallaşma, süni intellekt, "yaşıl iqtisadiyyat"ın inkişafı və bərpaolunan enerji sahəsində layihələrin həyata keçirilməsi də xüsusi əhəmiyyət kəsb edir.
O qeyd edib ki, mövcud olduğu 35 il ərzində MDB siyasi dialoq, iqtisadi və humanitar əlaqələrin inkişafı, eləcə də təhlükəsizlik risklərinə və çağırışlarına birgə reaksiya verilməsi üçün bir meydança kimi öz tələbatlılığını təsdiq edib.
E.Rahmon bildirib ki, Tacikistan BMT və digər beynəlxalq tərəfdaşları ilə birlikdə 2027-ci ilin iyun ayında Düşənbədə 2027-2036-cı illər üçün Gələcək Nəsillər Naminə Sülhün Möhkəmləndirilməsi Beynəlxalq Onilliyinin rəsmi açılışına həsr olunmuş yüksək səviyyəli beynəlxalq konfrans keçirməyi planlaşdırır.
O, həmçinin Tacikistanın MDB çərçivəsində gələcək konstruktiv əməkdaşlığa sadiqliyini vurğulayıb.