"Hazırda Prezident İlham Əliyevin liderliyi ilə Qarabağda böyük işlər reallaşdırılır".
Oxu.Az "TRT Haber" telekanalına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdan səfərdən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Türkiyə Qarabağda davam edən yenidənqurma və bərpa işlərini təqdilə izləyir, bu işlərə dəstək göstərməyə davam edir:
"Yollar, tunellər, kənd təsərrüfatı layihələri və evlər bir-birinin ardınca Qarabağın hər tərəfində reallaşdırılır. Xüsusilə infrastruktur sahəsində Azərbaycan böyük dəyişiklik prosesini yaşayır. Həm mərhum Heydər Əliyevin prezidentliyi dövründə, həm də ondan sonra İlham Əliyevin prezidentliyi dövründə buranı izləyən siyasi lider kimi nə vaxt, harada nə olduğunu yaxşı bilirəm. İlham Əliyevin uğurunu görməzlikdən gəlmək əsla mümkün deyil".
Ərdoğan Azərbaycan və Ermənistan arasındakı süh prosesinə toxunaraq, Türkiyənin bu çərçivədə atılan addımları məmniyyətlə qarşıladığını bildirib:
"Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmalardan məmnunluğumuzu ifadə etmişik. Cənubi Qafqazda 30 ildən çoxdur davam edən qeyri-sabitlik şəraitindən sonra davamlı sülh və əmin-amanlıq üçün fürsət pəncərəsi açılıb. Sülh prosesinin tezliklə sona çatdırılması müharibənin qalibi olan Azərbaycanı bölgədə sülhün də memarı kimi ön plana çıxaracaq. Səfərimiz zamanı bizi həmişəki kimi isti qonaqpərvərliklə qarşılayan Azərbaycan Prezidenti İlham Əliyevə və bizi bağrına basan qardaş Azərbaycan xalqına təşəkkür edirəm".
Türkiyə lideri sözlərinə əlavə edib ki, Qarabağ zəfəri təkcə Azərbaycanın deyil, türk dünyasının qələbəsidir:
"Biz həmin gün dosta-düşmənə "Türkiyə axıra kimi Azərbaycanın yanındadır" dedik. Qələbədən sonra bölgədə sülh küləkləri əsir və Türkiyə bundan məmnundur. Biz də Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanla normallaşma prosesini həyata keçiririk. Bunu reallaşdırarkən Azərbaycanın buradakı haqlarına xələl gətirilməsinə qətiyyən icazə verməyəcəyimizi həmsöhbətlərimizə deyirik".