Dünən erməni mətbuatının əsir götürülməsi barədə məlumat və videogörüntülər yaydığı azərbaycanlının adı məlum olub.
Oxu.Az xəbər verir ki, əsirin yaxın qohumlarının sosial şəbəkələrdə yazdıqları məlumata görə, Kəlbəcərə getmiş şəxsin adı Dilqəm Əhmədovdur.
Sosial şəbəkə istifadəçiləri yazırlar ki, Dilqəm Əhmədov bir neçə il yay ayını işğal olunmuş Kəlbəcərdə keçirib, hətta Azərbaycan bayrağını doğulduğu evə sancıb və çıxışlarından birində deyib ki, hər kəs bir ziyarətgah niyyət edib gedir, mənim də ziyarətgahım Kəlbəcərdir.
Həmçinin sosial şəbəkələrdə yazılarda qeyd olunur ki, Dilqəm Əhmədovla birgə əsir düşən Şahbaz Quliyev də bir neçə dəfə Kəlbəcərə səfər edib.
Qeyd edək ki, son bir neçə gün erməni mətbuatı Qarabağda, Kəlbəcərdə guya azərbaycanlı diversantların ələ keçirilməsi barədə xəbərlər yayıb.
Məlumata görə, bir neçə gün əvvəl ermənilər Azərbaycan vətəndaşı Quliyev Şahbaz Cəlal oğlunu əsir götürüblər. Dünən isə daha bir azərbaycanlının – artıq məlum olduğu kimi, Dilqəm Əhmədovun ermənilər tərəfindən əsir götürülməsi barədə məlumat və həmin şəxslərin Kəlbəcərdə telefonlarına çəkdikləri videogörüntülər yayımlanıb.