Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirindəki çıxışında toxunduğu Qərbi Azərbaycan məsələsinə dair çağırışından sonra Qərbi Azərbaycan İcmasında (QAİ) xüsusi komissiya yaradılıb.
Oxu.Az xəbər verir ki, bunu QAİ-nin İdarə Heyətinin sədri Əziz Ələkbərli Qərbi Azərbaycan məsələsinə həsr olunmuş müzakirə çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, komissiyanın yaradılmasında məqsəd Qərbi Azərbaycanla bağlı indiyədək məlum olmayan mənbələri üzə çıxarmaqdır:
"Cənab Prezident alimlərimiz və Milli Elmlər Akademiyasının strukturları qarşısında vəzifə qoydu ki, Azərbaycan həqiqətlərinin təbliğatını gücləndirmək, araşdırmaları genişləndirmək lazımdır. Qərbi Azərbaycan həqiqətlərini daha aydın şəkildə ortaya qoyan kitabların, broşürlərin, nəşrlərin və sərgilərin sayını artırmaq vacibdir. Hesab edirəm ki, cənab Prezidentin verdiyi mesajlardan sonra Qərbi Azərbaycan İcmasının qarşısında da mühüm vəzifələr durur. İcma yarandığı gündən etibarən Qərbi Azərbaycan həqiqətlərinin ortaya qoyulması istiqamətində istiqamətində fəaliyyət göstərib. Prezidentin bu çağırışından sonra qurumda xüsusi komissiya yaradılıb və biz Qərbi Azərbaycanla bağlı indiyədək məlum olmayan mənbələri üzə çıxarmaq və Azərbaycan həqiqətlərini daha geniş şəkildə təqdim etmək üçün bütün imkanlarımızı səfərbər edəcəyik".
Aygün Mirakif